Peyğəmbərə qardaş olmaq var!


Digərləri 10 İyn 2018 18:45:00 376 0

Peyğəmbərə qardaş olmaq var!

O, əl açıb bir şey istəsəydi, Allah-Təala istədiyini əsirgəməzdi. Körpə-körpə balaları köçdü bu dünyadan, qolları arasında can verdilər, amma heç biri üçün ömür istəmədi.

Son.az yeniavaz.az-a istinadən bildirir ki, körpəcə İbrahimini öz əlləri ilə torpağa qoyub göz yaşları ilə "qədərə boyun əyməkdən başqa əldən nə gəlir, ey İbrahim"- deyəndə bəlkə ətrafda kimsə övladına həyat diləmədiyi üçün Ona qızdı, bilmirəm, bəlkə də beləsi oldu. Oldumu, olmadımı? - inşallah olmamışdır, əgər olmuş olsa belə onun könlündəkilərdən xəbərdar olsaydı, düşündüyündən utanardı. O, Allahın ən sevimli qulu, göndərdiyi nəbilərə imamdır. Varlığında özünə aid bir şey tutmadı, ruhunu Allaha verdi. O, Allahın Həbibi, yəni sevimlisidir. Yaradılmışların ən üstünü, Peyğəmbərlərin sonuncusu və əşrəfi, aləmlərə rəhmət olaraq gəndərilmiş, ən gözəl əxlaqı tamamlamış Həzrəti - Məhəmməddir.

***

Mövlana nə deyirdi?

- Kamil insan ney kimidir. İçi oyulmuş, sinəsi dəlik-dəlik açılmış ney onu üfürənin iradəsinə uyğun səs çıxardığı kimi kamil insan da Yaradanın iradəsini əsas tutmalı, həyatını Onun rizasına uyğun yaşamalıdır.

Allaha Ondan yaxın kim var? Kim onun kimi ola bilər?

- Onu bir kimsə ilə müqayisə etmək belə doğru deyil. Məxluqat içində Onunla müqayisəyə gələn kimsə yoxdur. Bu dünyaya Allahın ən böyük neməti kimi gələn, bu dünyanı Qiyamətə qədər aydınladan Sonsuz Nurdur O. Ən gözəl şəkildə yaradılıb.

Vücudun rahmətən lil-aləmindir, ya Rasulullah!

Cünudun ənbiya və mürsəlindir, ya Rasulullah!

O əbri-rahməti-Rahmənü məhbubi- Xudasan ki,

Üzün suyuna xəlq oldu cihan həp, ya Rəsulullah!

***

"Aləmlərə mərhəmət" deyirik, yəqin düşünən də oldu bu sözdən. Bu sözü Allah-Təala belə buyurur: Aləmlərə rəhmət.

Torpaq susuz qalıb quyuyanda, bərkiyəndə, nə olur - kəsək. Başa atsan, başı yarır, dişə atsan, dişi qırır. O torpağı suvarasan, əkəsən, yumşaldasan, bərəkət qaynağına çevirəsən, sonra da oturub o iki halını müqayisə edəsən. Onun gəlişi ilə kəsəkləşmiş bəşəriyyət bərəkətli tarlaya çevrildi. Allah-Təala Onu bərəkət yağmuru kimi can verən bəşərin təşnə ruhuna boşaltdı.

Bu bərəkətdən kənarda qalanlar, başına yağdığı halda islanmayanlar bədbəxtlərin bədbəxti, talesizlərin talesizidir. Ona yaxınlıq, Ona doğmalıq Ona tabe olmaqladır. Min ilin bu üzündən Ona elə yaxın elə doğma olanlar var ki, bəlkə də yeri Onun dizinin dibindədir.