Cənubi Qafqaz: erməni terrorunun doğurduğu


Siyasət 10 İyn 2018 17:03:00 411 0

Cənubi Qafqaz: erməni terrorunun doğurduğu

Son.az filologiya elmləri doktoru Rövşən Raqifoğlunun yazısını təqdim edir

Qlobal güclərin maraqlarının toqquşduğu Cənubi Qafqaz regionu zaman - zaman çoxsaylı qarşıdurmaların, siyasi və hərbi çəkişmələrin bir çox halda episentri kimi tanınıb. Əsrlərdir davam edən bu tendensiya yalnız tarixin müəyyən dönəmlərində, xüsusən də Sovet İttifaqının mövcud olduğu və regiona nəzarəti bilavasitə öz əlində saxladığı vaxtlarda nisbətən passiv fazaya keçsə də, bu bölgə daim diqqət mərkəzində olub. İttifaqın dağılması ilə beynəlxalq arenada qlobal güclərin balansı da pozuldu ki, belə olan halda yaşanan hadisələrin Cənubi Qafqaz regionuna təsiri qaçılmaz idi. Müasir dövrümüzdə isə durum olduqca həssasdır və status-kvo hər an dəyişə, artıq 30 ilə yaxındır ki, həllini gözləyən Dağlıq Qarabağ münaqişəsi kimi yeni müharibə ocaqları yarana, bölgə sözün əsil mənasında hərbi poliqona çevrilə bilər. Ən acınacaqlı isə odur ki, belə bir vəziyyətin yaranmasında maraqlı olan tərəflər, konkret dairələr var. Özü də bu dairələrin kim olduğunu, Qafqaz ssenarisinin kim və ya kimlər tərəfindən hazırlandığını aydınlaşdırmaq üçün yalnız yaxın və uzaq coğrafiyaya, yaxud okeanın o tayına nəzər salmağa ehtiyac yoxdur. Cənubi Qafqaz regionunda istər XIX, istərsə də XX əsrdə yaşananları, baş vermiş proseslərin obyektiv səbəbələrini araşdırmaqla toqquşmalara, siyasi, hərbi qarşıdurmalara maraqlı tərəfin, yaxud tərəflərin də məhz, bu coğrafiyada olduğunu əminliklə söyləmək olar. Düzdür, tarixin müəyyən gedişatlarında ssenari müəllifləri dəyişir, lakin icraçı və ya vasitəçi dəyişməz olaraq qalır. Söhbət, yarandığı ilk gündən öz siyasətini terror, təhdid, soyqırımlar və ərazi iddiaları üzərində quran, eyni zamanda beynəlxalq münasibətlər sisteminə dilənçlilik diplomatiyası gətirən Ermənistandan gedir. Heç də təsadüfi deyil ki, bu köçəri tayfanın qeyd olunan keyfiyyətləri, başqa sözlə, erməni psixologiyası, onilliklər ərzində formalaşan hay xisləti konkret qüvvələrə, başqa sözlə, sifarişçilərə çox yaxşı məlumdur. Məlum olduğu üçün də ermənilər məhz, bu coğrafiyaya - Cənubi Qafqaza köçürülüb.

Böyük köç...

Cənubi Qafqaz regionuna tarixi bağlılığı olmayan və yalnız böyük güclərin yürütdüyü siyasətin nəticəsi olaraq regiona bir çox halda könüllü, həmçinin, zorla köçürülən yeganə toplum ermənilərdir.

Cənubi Qafqaz regionunu tarixən mürəkkəb və ziddiyyətli edən əsas faktor bir qədər öncə də qeyd etdiyimiz kimi, bu regionun vaxtilə uzun müddət Rusiya, Türkiyə və İran imperiyalarının əhatəsində yerləşməsi olub. İmperalizmin isə yalnız bir marağı var - kolonial siyasət, yeni və daha məhsuldar torpaqların, yaxud həmin ərazilərdə mövcud enerji mənbələrinin ələ keçirilməsi, daxili qarşıdurmalar yaratmaqla azsaylı xalqları zəiflətmək və özündən asılı vəziyyətə salmaq prinsipi. Bir sözlə, parçala hökm et. Bu mənada biz daha çox Rusiyanın bu istiqamətdə "aktiv" fəaliyyətinin, zaman - zaman reallaşdırdığı deportasiya və regionda separtizm meyllərinin qızışdırılması siyasətinin şahidi oluruq. Məhz, ermənilərin Cənubi Qafqazda və daha çox xüsusilə, tarixi Azərbaycan ərazilərində yerləşdirilməsi də bir növ qeyd etdiyimiz siyasətin tərkib hissəsidir. Bu mövzuya yenidən qayıdacağıq. Hələliksə, böyük köç siyasətinin tarixinə qısaca nəzər salaq. Araşdırmalar göstərir ki, proses öz başlanğıcını XVIII əsrin 20-ci illərindən götürüb. Hələ 1724-cü ildə Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotr ermənilərin Dərbənd, Bakı, Gilan, Mazandaran və Gürgan ərazilərinə, ümumiyyətlə Xəzər dənizinin Azərbaycan hissəsinə köçürülməsi haqqında fərman imzalayır. Məqsəd:

Regionun etnik tərkibini dəyişmək, bununla da növbəti yüz illər ərzində Cənubi Qafqazda məhz Rusiyanın maraqlarına xidmət edəcək bir xalq, gələcəkdə isə bir dövlət formalaşdırmaqdır; Tarixin müxtəlif dövrlərində ermənilərin məskunlaşdığı əraziləri faktiki olaraq öz ərazisi hesab edən Çar Rusiyası bununla da Cənubi Qafqazdan İran körfəzinə kimi geniş coğrafiyanı nəzarət altında saxlamaq, daha dəqiq desək işğal etmək niyyəti güdürdü; Erməni toplumu Rusiya üçün hətta həmin illərdə belə imperiya maraqları naminə istənilən çirkin niyyəti həyata keçirmək, başqa sözlə, daxili toqquşmalar, konfliktlər, terror hadisələri reallaşdırmaq üçün hər an istifadəsi mümkün olan "beşinci kolon" rolunu oynacaqdı və s.

Odur ki, I Pyotrun hələ XVIII əsrdə müəyyən etdiyi bu strateji vəzifə, yaxud öz təbəələrinə ünvanladığı məktublarda dediyi fikirlər və miras qoyduğu vəsiyyətnamələr Çar Rusiyası, daha sonra isə Sovet İttifaqı (etiraf edək ki, həm də müasir Rusiya - R.M.) üçün bir növ strateji fəaliyyət proqramı, həlli vacib vəzifə sayılırdı. Məsələn, 1723-cü ilin iyul ayında I Pyotrun Bakı xanlığını işğal edən general - mayor Matyuşkinə "Müsəlmanları ruslar tərəfindən zəbt edilmiş Azərbaycan torpaqlarından köçürüb əvəzində orada rusları, erməniləri, yaxud digər xristian xalqlarından olan adamları yerləşdirin" məzmunda tapşırığı faktiki olaraq həmin vəsiyyətnamələrin də ana xəttini təşkil edirdi.

Bu siyasət sonrakı illərdə də davam etdirildi. Belə ki, 1802-ci ildə çar I Aleksandr general Sisyanova yazdığı məktubda ermənilərə münasibətini bu cür ifadə etmişdi: "Nə olursa-olsun, ermənilər Azərbaycanın bu və ya digər xanlıqlarında məskunlaşdırılmalı və onlardan istifadə olunmalıdır". Yaxud 1828-ci il martın 21-də çar I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibatı ərazisində müvəqqəti "erməni vilayəti" yaradıldı.  Elə həmin ildə İranın Marağa şəhərindən 40 min erməni Dağlıq Qarabağa, 40 min erməni isə İrəvan xanlığının ərazisinə köçürüldü. 1829-cu ildə imzalanan Ədirnə sülh müqaviləsindən sonra isə daha 90 min erməniyə Azərbaycanda sığınacaq verilir. Heç şübhəsiz ki, köç prosesinin özü də düşünülmüş ssenari əsasında həyata keçirilir, bu zaman azərbaycanlıların daha sıx yaşadığı və məhsuldar ərazilər, konkret olaraq Qarabağ, Naxçıvan və İrəvan xanlıqları hədəf seçilirdi. Həmin dövrü dəqiq araşdıran amerikalı alim Castin Makkartinin sözlərinə görə, yalnız 1828 - 1920-ci illər arasında Azərbaycana 560 min erməni köçürülüb.

Proses XX əsrdə də davam etdirilib. Təkcə 1904-1905-ci illərdə qonşu ölkələrdən 45 min erməni məhz Cənubi Qafqaza gəti­ri­lə­rək məskunlaşdırıldı. Nəticədə, əgər 1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil edirdisə, XIX əsrin 80-ci illərində Şuşa qəzasında əhalinin milli tərkibində azərbaycanlılar 41,5%, ermənilər isə 58,2% oldu. Rusiyada əhalinin 1897-ci il siyahıya alınmasına görə isə bu rəqəmlər 45 və 53%, 1917-ci ildə 40,2 və 52,3% olmuşdu. Sonrakı illərdə, xüsusən Şərqdə türk və müsəlman aləminin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il, aprelin 28-də qırmızı ordu tərəfindən işğalından sonra proses daha sürətlə davam etdirildi. Bunu aşağıdakı qrafik göstəricidə daha aydın şəkildə görmək mümkündür.

Xalq

1926

1959

1970

1979

azərbaycanlı

10.1%

13.8%

18.1%

23%

erməni

89.1%

84.4%

80.5%

75.9%

         Qısa haşiyə:  1926-cı ildən sonra azərbaycanlıların sayında müşahidə olunan artım faizi isə indiki Ermənistandan, yəni tarixi Azərbaycan torpaqlarından etnik təmizləmə və deportasiyaya (1948-1952) məruz qalan soydaşlarmızın bir qisminin Dağlıq Qarabağa pənah gətirməsi, eyni zamanda demoqrafik üstünlüklərlə bağlıdır. 

Sonralar, 1978-ci ildə ermənilər köçürülmənin 150 illiyi ilə əlaqədar Tərtər rayonunun Şıxarx kəndində abidə də ucaltdılar. Düzdür, həmin abidə bir neçə ildən sonra elə ermənilərin özləri tərəfindən izi itirmək, gəlmə olduqları faktını inkar etmək üçün dağıdılsa da, Azərbaycan hökuməti tikilinin bərpasını həyata keçirdi və həmin abidə, eləcə də onun qalıqları tarixi sübut kimi adıçəkilən ərazidə bu gün də saxlanılır.

Bu yerdə xüsusi olaraq qeyd edilməlidir ki, böyük köç prosesində ermənilərin, yaxud onların havadarlarının hədəfi yalnız Qarabağla məhdudlaşmır. Rusiya çarı I Nikolayın xeyir duasını alan haylar Naxçıvan ərazilərinə də ayaq basırlar. Yalnız 1828-1831-ci illər arasında Naxçıvan vilayəti və Ordubad dairəsinə İrandan 2387 ailə, yaxud 11 992 nəfər (6339 kişi, 5653 qadın), Türkiyədən 8 ailə, yaxud 27 nəfər (17 kişi, 10 qadın) köçürülür ki, bununla da Rusiyanın Cənubi Qafqaza yiyələnmək siyasətinin birinci və əsas mərhələsi demək olar ki, başa çatmış sayılır.

Soyqırımı siyasəti...

Cənubi Qafqaz regionunda digər xalqlara qarşı kütləvi soyqırımlarını reallaşdıran və yarandığı gündən müasir dövrümüzə qədər bu siyasəti həyata keçirən ilk və yeganə ölkə Ermənistandır.

Aparılan araşdırmalar onu söyləməyə əsas verir ki, Cənubi Qafqazda həyata keçirilən, xüsusən də XX əsrin əvvəllərini və ortalarını əhatə edən soyqırımı hadisələri məhz, ermənilərin bu regionda tam məskunlaşmasından və artıq bir qüvvə kimi formalaşmasından sonraya təsadüf edir. Rellaşdırılan soyqırımlarının səbəblərini isə əsasən iki istiqamət üzrə qruplaşdırmaq olar:

Yerli əhalisi əsasən müsəlmanlar, konkret olaraq azərbaycanlılar olan xalqı məhv etmək və onları digər ərazilərə, xüsusən də Cənubi Qafqazın şərqinə sıxışdırmaq və yeni torpaqlar ələ keçirmək niyyəti; Rusiyanın himayəsi və xeyir duası ilə Cənubi Qafqaza köçürülən ermənilərin göstərilən yaxşılığın əvəzində öz sahiblərinə nə dərəcədə sədaqətli olması faktoru.

Bu yerdə ikinci amil üzərində xüsusi ilə dayanaq. Çünki həmin illər yalnız Cənubi Qafqazda deyil, Osmanlı dövləti ərazisində də sayı məqsədyönlü şəkildə artırılan ermənilər xüsusən XX əsrin əvvəllərində və konkret olaraq Çar Rusiyasının Qafqaz Ordusu Qərargah Komandanlığından çoxsaylı məktublar, müraciətlər alır, haylar təkcə Azərbaycan deyil, bütünlükdə türk xalqına, yaxud Türkiyəyə qarşı mübarizəyə çağırılırdı. Osmanlı ermənilərinə ünvanlanan həmin məktublardan birinin mətninə nəzər salaq:"Ermənilər! Siz uzun müddət dözülməz türk boyunduruğu altında əziyyətlər çəkdiniz; ancaq Tanrının da yardımı ilə qəhrəman rus ordularının zəfər yürüşü, indi sizə əsrlik boyunduruqdan azadlıq gətirəcək.

Yer üzünün həşəmətli lideri Rusiya, erməni xalqına altı erməni vilayəti sərhədləri ilə onun ayrılmaz bir parçası olan Kilikiyanı (Çukurovanı) da içinə alan və Böyük Rusiyanın güclü himayəsi altında Muxtar Ermənistanı qurmağa zəmanət verir"(3, s. 103).  

İmperiya bu və buna bənzər yüzlərlə məktub və müraciətlərdə ermənilərə onların Cənubi Qazqazda, həmçinin, Osmanlı ərazisində yaradacağı qarşıdurma, terror və soyqırımları müqabilində muxtariyyət təklif edir və ən əsası həmin muxtariyyət Rusiyanın ərazisi olmayan İrəvan, Qars, Ərzurum, Van, Bitlis, Diyarbəkir, Xarput, Sivas kimi bölgələrdə yaradılmalı idi. Təbii ki, yürüdülən siyasətin məqsədi həm də Osmanlı imperatorluğunu parçalamaq və həmin əraziləri Antanta dövlətləri arasında bölüşdürmək idi. Başqa sözlə, bu illər ərzində ermənilər hətta birinci dünya müharibəsindən qalib ayrılan Antanta dövlətərinin hərtərəfli dəstəyini qazanır, qarşıdurmalara, toqquşmalara, soyqırımlarına həvəsləndirilir, əvəzində isə onlara Anadolunun şərq hissəsi olan əyalətlərin hədiyyə veriləcəyi vəd olunurdu. Göründüyü kimi, tarixin müxtəlif dönəmlərində ssenari müəllifləri dəyşsə də icraçı dəyişmir. Beləliklə, hay tayfasının psixologiyasını kifayət qədər gözəl bilən və bu tayfanın torpaq iddiasını reallaşdırmaq üçün hər şeyə hazır olduğuna əmin olan imperialist ölkələr məhz bu amili əsas götürərək istər birinci dünya müharibəsi illərində, istərsə də ondan sonrakı dövrlərdə erməni faktorundan öz maraqları naminə yetərincə yararlanıb: həm yeni ərazilərin ələ keçirilməsində, həm də bu ərazilərdə yaşayan xalqlara qarşı soyqırımların təşkilində...

Türk və müsəlman əhalisinin regionda artması, xüsusən də Cənubi Qafqazda müsəlmanların xristianlardan, o cümlədən ermənilərdən çox olması faktı Rusiyanı əlbəttə ki, narahat etməyə bilməzdi. Məhz, bu üzdən müsəlmanların demoqrafik artımının qarşısını almaq və "balans" yaratmaq məqsədilə həyata keçirilən ssenarilərdən biri də soyqırımı siyasəti idi. Odur ki, yeni ssenari cızıldı və müəllif bu dəfə də öz "əsərində" baş rolu hər zaman olduğu kimi yenə ermənilərə həvalə etdi. Səbəb:

Ermənilərin soyqırımları reallaşdırmaq üçün kifayət qədər təcrübəli və imperiyanın silahlandırdığı, xüsusi təlim keçdiyi erməni əsgərlərdən ibarət terror təşkilatlarına sahib olması (1915-ci ildə Cənubi Qafqazda gürcülərin və azərbaycanlıların heç bir milli hərbi hissələri olmadığı halda, ermənilərdən ibarət 9 drujina yaradılmışdı); Ermənilərdə əsrlər boyu türk və müsəlman əhalisinə qarşı formalaşan dini və milli nifrət amili; Öz havadarları qarşısında borc amili.

Araşdırmalar və tarixi sənədlər gösərir ki, ermənilər istər qonşu ölkələrin ərazilərini ilhaq edərkən, istərsə də soyqırımı siyasətində XIX əsrin 80-ci illərindən başlayaraq yaratdıqları10-dan çox terror təşkilarından istifadə edib. Bu təşkilatları isə aşağıdakı kimi sistemləşdirmək olar:

                             ERMƏNİ TERROR TƏŞKİLATLARI

Təşkilatın adı

                              Məqsədi

1.

"Armenakan" partiyası

1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölqələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.

2.

"Hnçak" partiyası

1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, "Rus" və "İran" Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir; "Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir"

3.

"Daşnaksütyun"-erməni ederative inqilab partiyası

1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra "Daşnaksütyun" "türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmrini vermişdir.

4.

"Erməni gizli azadlıq ordusu" (ASOA)

1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.

5.

"Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" (ASALA)

1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirmişdir: "Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir".

6.

"Geqaron"

2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmışdır. Məqsəd- Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.

7.

"Erməni azadlıq hərəkatı" (AOD)

1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.

8.

"Erməni azadlıq cəbhəsi"

1979-cu ildə yaradılan bu terrror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.

9.

"Orli qrupu"

1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.

10.

"Erməni soyqırım ədalət komandosları"

1972-ci ildə Vyanada "Daşnaksütyun" partiyasının qurultayı zamanı yaradılıb. "Erməni soyqırımı ədalət komandosları"nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.

11.

"Erməni birliyi"

1988-ci ildə Moskvada yaradılmışdır. "ASALA" ilə sıx əlaqələri vardır, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.

12.

"Demokratik cəbhə"

ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi türk dövlətinin parçalanmasıdır.

13.

"Apostol"

2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir.

       

Mənbə: az.wikipedia.org

Tarixi faktlar sübut edir ki, həmin terror təşkilatlarından daha çox əziyyət çəkən məhz, azərbaycanlılar olub. Yalnız bir fakt, 1918-ci il 30 mart-3 aprel tarixləri arasında Bakı ilə yanaşı, Quba, Xaçmaz, Lənkəran, Şamaxı, Göyçay, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə məhz, daşnakların və konkret olaraq "Daşnaksütyun" partiyasının həyata keçirdiyi soyqırımlar nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Maraqlıdır ki, qeyd olunan tarixi dönəmdə ermənilərin azərbaycanlılara və digər müsəlman xalqlarına qarşı yürütdüyü soyqırımı siyasətini, vəhşiliyi, amansızlığı ermənilərin özləri də açıq şəkildə etiraf edirdilər. Məsələn, erməni ictimai-siyasi xadim Aleksandr Myasnikyanın 1921-ci ildə yazdıqlarından: "Milli siyasət müstəvisində daşnakların yeganə məqsədi Ermənistanı başqa millətlərdən təmizləmək idi. Onlar deyirdilər: - Nifrət etdiyiniz türkləri, insana bənzəməyən tatarları qızın, od vurub kəndləri yandırın, var yoxunu çapıb- talayın, əllərindən alın, Ermənistanı başqa millətlərdən təmizləyin". (1, s. 334)

Ərazi iddiaları...

Cənubi Qafqaz regionunda sərhəd ölkələrə qarşı ərazi iddiası ilə çıxış edən yeganə dövlət Ermənistandır.

Ermənilər Cənubi Qafqaz regionunda ərazi iddialarını qondarma tarixi materiallara istinadən əsaslandırmağa çalışsalar da tam əminliklə söyləmək olar ki, bu iddia sadəcə XIX əsrin sonu, XX əsrin əvvəllərində bəzi Avropa dövlətlərinə (keçmiş Antanta İttifaqına daxil olan ölkələr, konkret olaraq Rusiya, Böyük Britaniya və Fransa nəzərdə tutulur - R.M.) xidmətlər müqabilində verilən vədlərə söykənir. Başqa sözlə, deportasiya siyasətinin tərkib hissəsi olmaq, regionda türk və müsəlman əhaliyə qarşı çoxsaylı soyqırımları həyata keçirmək, Osmanlı imperiyasının parçalanması və Antanta tərəfindən işğalının daha da asanlaşdırılması, Cənubi Qafqazda qarışıqlıq və kütləvi narazılıqlar yaratmaqla bölgənin inkişafına hər vəchlə imkan verməmək cəhdləri, Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasında göstərilən canfəşanlıq, AXC-nin süqutundan sonra isə yerli əhaliyə divan tutmaq və onları Sovet İttifaqının yaradacağı "xoşbəxt gələcəyə" inandırmaq missiyasının müqabilində ermənilər vəd olunan torpaqları öz himayədarlarından bu gün də tələb edir. Düzdür, həmin tapşırıqların bəziləri reallaşmadı. Məsələn, Osmanlı İmperiyasının torpaqlarının bölüşdürülməsi, azərbaycanlıların müstəqillik arzularının məhv edilməsi və bu xalqı ümumiyyətlə Cənubi Qafqazdan qovmaq, yaxud yer üzündən silmək ideyası fiaskoya uğradı. Lakin ermənilər bunda özlərini deyil, havadarlarını günahlandırır və öz xidmətləri müqabilində onlara düşən payı tələb edirlər. Pay nədən ibarət idi?

Azərbaycandan: İrəvan, Qarabağ, Zəngəzur, Cavanşir, Cəbrayıl, Naxçıvan Türkiyədən: Qars, Ərzurum, Van, Bitlis, Diyarbəkir, Xarput, Sivas Gürcüstandan: Borçalı, Axalkalaki, Şulaveri, Tbilisi

Ermənilər zaman - zaman həmin ərazilərin ələ keçirilməsi tələbi ilə çıxış etmiş, bir çox halda böyük qardaşlarının maddi və hərbi - texniki dəstəyi ilə çoxsaylı qırğınlar törətməklə açıq ərazi iddialarına qalxmışlar. Tarixi sənədlər göstərir ki, hələ 1918-ci il dekabrın 9-da ingilislərə arxalanan Ermənistan Gürcüstana müharibə elan edir və erməni cəlladı, Daşnak Ermənistanın "general" rütbəsi verdiyi Dro-Drastamat Kanayanın başçılığı altında dekabrın 14-də Axalkalaki, dekabrın 20-də Şulaveri, dekabrın 25-də isə Tiflis işğal edilir. Yalnız 1918-ci il dekabrın 31-də, maraqlıdır ki, elə inglislərin köməyi ilə də tərəflər arasında barışıq yaranır və Tiflis ermənilərdən xilas olur. Bundan sonra, ermənilərin hansı xislətə malik olduğunu özləri üçün yəqin edən gürcülər erməni əhalisini qısa zamanda Tiflisdən qovur, Gürcüstan Erməni Şurası üzvləri, "Daşnaksütyun" partiyasının liderlərindən ibarət Gürcüstan Parlamentinin üzvləri həbs edilir, bütün erməni milislərinin silahları alınır və işdən azad edilir. Həmçinin, iclaslarda erməni dilində belə çıxış etmək qadağan edilir. İosif Stalin və Lavrenti Beriya da Tiflisin ermənilərdən təmizlənməsini gücləndirdilər. 1936-cı ildən Tiflis Tbilisi adlandırılmağa başladı(2).

Analoji siyasət Türkiyədə də həyata keçirildi. Təsadüfi deyil ki, birinci dünya müharibəsində məğlubiyyətdən sonra siyasi, iqtisadi cəhətdən zorla özünə gələn Türkiyə ilk növbədə bütün çətinliklərə baxmayaraq ərazi bütövlyünü qorumaqla yanaşı, daxildə ölkənin məhvini hədəfləyən erməniləri qısa zaman ərzində imperiya hüdudlarından kənarlaşdırmağa nail oldu. On minlərlə erməni ailəsi həmin dövrdə Cənubi Qafqaza, daha dəqiq desək, tarixi Azərbaycan ərazilərinə köçürüldü. Üstəlik, XX əsrin əvvəllərində İran ermənilərinin də müəyyən qisminin bölgəyə deportasiyası reallaşdı. Böyük köç siyasətinin nəticəsi olaraq Cənubi Qafqazda XX əsrin əvvəllərində süni Ermənistan dövləti yaradıldı. Nəyə görə süni? Çünki bu dövlətin yarandığı ilk gündən qarşısına qoyulan əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikasının birgə fəaliyyətinə, əməkdaşlığına, xüsusən də həmin ölkələrin 1919-cu ildə təşkil edilən Versal Sülh Konfransında iştirakına, dünya dövlətləri tərəfindən müstəqilliyinin tanınmasına mane olmaq idi. Araşdırmalar da göstərir ki, təxminən 2 il davam edən müstəqillik yolunda ermənilər ən müxtəlif yollarla Azərbaycan nümayəndə heyətinin Fransaya səfərinin baş tutmamasına çalışıb, Azərbaycan və Gürcüstanla birbaşa əməkdaşlıqdan boyun qaçırıb və üç ölkənin qarşılıqlı fəaliyyətini nəzərdə tutan sənədlərin imzalanmasından hər vəchlə imtina ediblər.   

Tarix təkrarlanır, yaxud nəticə əvəzi...

Bu gün Ermənistan müstəqil dövlət olsa da təxminən iki əsr öncə irəli sürülən iddialar, işğal və terror üzərində qurulan siyasət hələ də davam etdirilir. Azərbaycanın 20 faiz torpağını (yeri gəlmişkən, əsrlər öncə havadarların onlara vəd etdiyi ərazilər - R.M.) işğal edən haylar bir milyondan artıq qaçqın və məcburi köçkünün öz dədə - baba yurdundan didərgin düşməsinə səbəb olublar. İşğal olunan ərazilərdə yerli əhali zorakılıqla, amansızcasına öldürülüb, XX əsrin ən dəhşətli qətliamı - Xocalı soyqırımı törədilib, Azərbaycan xalqına məxsus məscidlər və yerli infrasturuktur tamamilə məhv edilib. Lakin...  

XIX və XX əsrdə ermənilərin Cənubi Qafqazda türk və müsəlman xalqına qarşı reallaşdırdığı kütləvi qətliamlar, soyqırımı hadisələri dünya birliyi, xüsusən də keçmiş Antanta İttifaqına aid ölkələr tərəfindən nəinki susqunluqla qarşılanır, hətta siyasi və hərbi dəstək bu gün də davam etdirilir. Sadəcə müstəqil və güclü Azərbaycanın mövcud olduğu şəraitdə siyasət ötən əsrlərdə olduğu kimi aşkar deyil, əsasən gizli yollarla həyata keçirilir; Ermənilər bu gün də Azərbaycana qarşı işğal siyasətini davam etdirir, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münqaişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qətnamələrə məhəl qoymur, eyni zamanda Gürcüstan və Türkiyəyə qarşı da açıq ərazi iddiaları ilə çıxış edir, lakin bu iddialar dünya ölkələri tərəfindən susqunluqla qarşılanır; Ermənistan bu gün də həm işğalçı mahiyyəti, həm terrora dövlət səviyyəsində açıq şəkildə dəstək verməsi, həm də ərazisində artıq istismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyası ilə Cənubi Qafqaz bölgəsi, regonda reallaşdırılan qlobal iqtisadi layihələr, yaradılan əməkdaşlıq platformaları və ən əsası mövcud təhlükəsizlik üçün ən böyük təhdiddir. Mataqlıdır ki, dünya siyasətini müəyyən edən super güclər (xüsusən keçmiş "Antanta ailəsi" - R.M.) hay adlı təhlükənin nə qədər ciddi olduğunu gözəl anlasa da, real addımlar atmır. 

Nəyə görə? Bütün bunların sadə cavabı var. Cənubi Qafqaz regionu istər yerləşdiyi coğrafiya, istər təbii sərvətləri, xüsusən Azərbaycanın timsalında, istərsə də bölgəni əhatə edən iri dövlətlərə - Rusiya, Türkiyə və İrana, bu supergclərin qlobal miqyasda oynadığı rola, beynəlxalq münasibətlər sistemində sərgilədiyi yanaşmaya bilavasitə təsir etmək baxımından mühüm məkandır. Bu baxımdan, özlüyündə ərazicə 3 kiçik dövləti birləşdirən həmin region mərkəzi Asiyanın ürəyi və ya idarəedici sükanı da sayıla bilər. Bölgəyə təsir ya regional və qlobal əməkdaşlıq, ya da müharibə, hətta üçüncü dünya müharibəsi ilə nəticələnər. Məhz ona görə də Cənubi Qafqaz zaman - zaman qlobal güclərin maraqlarının toqquşduğu coğrafiya olub, bu gün də belədir. Regionda bu "maraq"ları təmin edəcək ölkə isə Ermənistandır. Çünki yarandığı ilk gündən ikli, üçlü, hətta dördlü siyasət yürüdən bu işğalçı ölkə öz maraqları, yaxud əsassız torpaq iddiaları naminə terroru dəstəkləyən istənilən qüvvə, dövlət, yaxud təşkilatla əməkdaşlığa açıqdır. Odur ki, dəfələrlə qeyd etdiyimiz kimi, Cənubi Qafqaz oyununda ssenari müəllifləri dəyişsə də rejissorların aktyor seçimində maraqları üst - üstə düşür - Ermənistan.