Xaricə uğurla köçmək üçün


Digərləri 10 İyn 2018 14:55:00 268 0

Xaricə uğurla köçmək üçün

Xaricə köçmək istəyirsiniz? Bu işi uğurlu başlayıb, həyatınızı düşündüyünüz kimi qurmaq və səhvə yol verməmək üçün miqrasiyanın 12 qaydasına əməl etməlisiniz.

Son.az gencaile.az-a istinadən miqrasiya mütəxəssislərinin məsləhətləri əsasında xaricə uğurlu köçməyin qaydalarını təqdim edir.

1. Birinci və əsas qayda - miqrasiya üçün düzgün, məhz sizə uyğun gələn proqramı seçmək. Bunun üçün köçmək istədiyiniz ölkənin səfirliyi və ya XİN-in saytındakı bütün proqramlarla maraqlanmaq lazımdır. Əgər sizə uyğun gələn proqram tapa bilməsəniz, həmin (yəni getmək istədiyiniz) ölkədə xaricilərlə məşğul olan vəkillə məsləhətləşin. Bu zaman heç bir ümumi cavab ola bilməz, hər bir hal özünə görə unikaldır və fərdi qaydada baxılmalıdır. Heç vaxt forumlarda və ya sosial şəbəkələrdə bu sahəni bilməyən adamların yazdıqlarına əsaslanmayın. Çünki problem olsa, onun mənfi nəticələrini o yox, siz görəcəksiniz. Yadda saxlayın, uğurlu emiqrasiya etmək üçün köçəcəyiniz ölkədə leqallaşma birinci dərəcəli və ən vacib işdir.

2. Gedəcəyiniz ölkənin dilini əvvəlcədən öyrənin. Bunu etməsəniz, özünüzün qiymətli vaxtınızı və pulunu itirməli olacaqsınız. Sizinlə öz dilinizdə yalnız öz ölkənizdə danışacaqlar. Başqa dillərə - rus, türk, hətta ingilis dilinə də ümid etməyin (əgər ingilisdilli ölkəyə getmirsinizsə), məhz gedəcəyiniz ölkənin dilini örənməlisiniz. Çox tez-tez insanlar şikayətlənirlər ki, onlar İspaniya, Fransa və ya Almaniyaya köçüblər, amma ingilis dilləri əla olsa da, onları işə qəbul etmirlər. Bu, təbiidir - həmin ölkədə ingilis dili əsas deyil və əhalinin də çox az hissəsi ingilis dili bilir. Əgər ingilis dilini bilirsinizsə və başqasını da öyrənmək istəmirsinizsə (ya da bacarmırsınızsa), onda köçmək üçün ingilisdilli ölkə seçin.

Bəziləri fikirləşər: köçəndən sonra insanların arasında düşüb həmin ölkənin dilini məcbur öyrənərəm. Bu, mümkün deyil, həmin nağıllara inanmayın. Çünki siz insanların sizə nə dediyini başa düşməyəcəksiniz və heç kim də sizin nazınızı çəkməyəcək. Dil bilmədən, heç bir ünsiyyət imkanı olmadan siz tezliklə öz həmsöhbətiniz üçün maraqsız olacaqsınız. Ona görə də dili əvvəlcədən öyrənin. İndi bunun üçün bütün imkanlar var: kurslar, internet dərslər, kitablar, öyrədici filmlər. Həmin dildə heç nə başa düşməsəniz də, mahnılara QULAQ asıb kitab oxuyun.

3. Uğurlu miqrasiya üçün növbəti vacib məqam - sizin şəxsi iqtisadi durumunuz. Əgər sizin kənardan sabit gəliriniz varsa, bu, əladır və bu bənd haqqında düşünməyə bilərsiniz. Amma kənardan gəliriniz yoxdursa, yeni ölkədə necə pul qazanacağınız barədə əvvəlcədən düşünməlisiniz. Ümid eləməyin ki, siz, məsələn, yüksək səviyyəli həkim, Avropa və ABŞ-a gəlib bir həftə sonra öz ixtisasınız üzrə işə düzələcəksiniz. Xeyr, bizim istənilən diplomumuz yeni ölkədə təsdiq olunmalıdır və buna bəzən bir neçə ay, hətta bir neçə il vaxt tələb oluna bilər. Hətta ola bilər ki, siz bu ixtisas üzrə yenidən təhsil almalı olasınız. Amma əks hallar da olur. Məsələn, musiqi müəllimi xadimə işləyir. Halbuki, musiqi müəllimi kifayət qədər gəlirli peşə sayılır. Sadəcə, bu potensialı reallaşdırmaq lazımdır. Bir sözlə, yeni ölkədə pulu necə qazanacağınız barədə əvvəlcədən düşünməlisiniz, lazım olarsa, həmin ölkədə tələbat olan peşə öyrənmək də pis olmaz.

4. Hətta siz ölkəyə pulla gəlmisinizsə, çalışıb özünüzü qazancınızla dolandırın, nəinki, gətirdiyiniz pulları xərcləməklə. Əgər bu prosesi yoluna qoymasanız, bütün pulları, hətta böyük məbləğ olsa da, itirmək mümkündür. Əgər siz dərhal biznesə başlamağa və ya sizi maraqlandıran işə düzəlməyə hazır deyilsinizsə, istənilən işə gedir. Bu sizə maliyyə cəhətdən üzdə qalmağa və ehtiyatınızı xərcləmədən məqsədinizə çatmağa imkan verər. Digər tərəfdən, işləmək sizə yeni ölkənin cəmiyyətinə qaynayıb-qarışmağa, özünüzə yeni dost-tanış tapmağa, dil biliklərinizi artırmağa da kömək edəcək.

5. Köçəcəyiniz ölkənin regionlarını seçəndə ucuzluq olan yeri deyil, iş çox olan yeri seçin. Miqrantların əksəriyyəti bu məsələdə səhv buraxırlar. Onlar ucuz ev axtararkən necə qazanacaqlarını fikirləşmirlər. Nəticədə daha çox pul itirirlər. İnsanlar hesab edirlər ki, ucuz yer seçəndə, özləri ilə gətirdikləri pul onlara daha uzun müddət kifayət edəcək. Nəticədə vaxt gedir, iş tapılmır və nəhayət, pul qurtarır. Bu o qədər çox baş verən haldır ki, onun dəfələrlə təkrarlanması adamı təəccübləndirir. Sonra isə öz səhvləri ucbatından gəldikləri ölkəni lənətləyirlər. Ona görə də yeni ölkəyə gələndə elə birinci gündən məqsəd qoymaq lazımdır ki, artıq bir aydan sonra pul qazanmağa başlayacaqsan. Deməli, iş çox olan yerləri seçmək lazımdır.

6. Əgər emiqrasiya etməyə qərar vermisinizsə, tərəddüd etməyin.Ölkədən köçəndə özünüzə "Gedim baxım, alınmasa, geri qayıdacam" deyirsinizsə, deməli, artıq indidən heç nə alınmayacağı ilə razılaşırsınız. Çünki evdə hər şey aydındır, bir tikə çörək var, bir şey baş verəndə də qohumlar yaxınlıqdadır və s.