İlham Əliyev: "Bolqarıstan Azərbaycan qazının digər ölkələrə çatdırılmasında tranzit rolunu oynaya bilər" - YENİLƏNİB


Siyasət 10 İyn 2018 12:10:00 386 0

İlham Əliyev: "Bolqarıstan Azərbaycan qazının digər ölkələrə çatdırılmasında tranzit rolunu oynaya bilər" - YENİLƏNİB

Bolqarıstanın Bakıdakı yeni səfiri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Bolqarıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovun etimadnaməsini qəbul edib.

“Report” xəbər verir ki, səfir Nikolay Yankov fəxri qarovul dəstəsinin qarşısından keçib.

Nikolay Yankov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayıb, Bolqarıstan Prezidentinin və Baş nazirlərinin Bakıya, özünün Bolqarıstana səfərlərini məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev Nikolay Yankovun səfirlik fəaliyyətinin əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Nikolay Yankov Bolqarıstan Prezidenti Rumen Radevin salamlarını Prezident İlham Əliyevə çatdırıb və dövlət başçısını yenidən prezident seçilməsi, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbrik edib. Səfir ölkələrimizin rəhbərliyi arasında dostluq əlaqələrinin mövcud olduğunu bildirərək, bunun ikitərəfli münasibətlərin inkişafında rolunu xüsusi qeyd edib.

Cənub Qaz Dəhlizi layihəsinə toxunan Nikolay Yankov bu layihənin icrasının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi baxımından böyük önəm daşıdığını vurğulayaq, ölkəsinin gələcəkdə bu layihədə tranzit rolu oynaya biləcəyini deyib. O, Bolqarıstanın bu mühüm layihənin reallaşmasına siyasi sadiqliyini bir daha ifadə edib.

Prezident İlham Əliyev bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışının önəmini qeyd edərək, yaxın günlərdə TANAP-ın da işə salınacağını vurğulayıb, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirib. Dövlət başçısı Bolqarıstanın bu layihənin mühüm tərkib hissəsi olduğunu və gələcəkdə digər ölkələrə Azərbaycan qazının çatdırılması üçün tranzit rolu oynaya biləcəyini deyib.

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Bolqarıstan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən iqtisadiyyat, turizm, investisiya qoyuluşu, kənd təsərrüfatı sahələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***10:33

Bakı. 10 iyun.