Baş dönməsi nədən xəbər verir?


Digərləri 09 İyn 2018 23:45:00 391 0

Baş dönməsi nədən xəbər verir?

Əgər ilk dəfə, qəfildən ortaya çıxan baş gicəllənmələri varsa və bu hal davamlı xarakter alıbsa, yubanmadan həkimə müraciət etmək lazımdır. Bu hal bir hərəkət yanılmasıdır. Xəstəyə elə gəlir ki, ya özü, ya da ətrafı hərəkət edir. Baş gicəllənmələri müşahidə olunduqda çox vaxt insan özünü zəlzələ baş verdiyi vaxtdakı kimi hiss edir və ya "yer ayağımın altından qaçır" ifadəsini işlədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının nevroloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Nuridə Tağıyeva universitetin mətbuat xidmətinə müsahibəsində bildirib.

Həkimin dediyinə görə, bu hal bədəndə baş verən bir sıra dəyişikliklərin göstəricisidir.

"Baş gicəllənmələri əsasən bədəndəki qanın həcmi, ürək ritmlərinin sürəti və qan təzyiqindəki dəyişikliklərlə əlaqədar yaranır. Həmçinin beynin alt və aşağı hissəsində yerləşən beyincik və daxili qulaqda yerləşən yarımdairəvi kanalların xəstəlikləri də baş dönməsinə və müvazinətin pozulmasına səbəb olur. Baş dönməsi miqrenin qabaqlayıcı əlaməti şəklində də rast gəlinə bilər",-deyə nevroloq deyib.