"Aparıcı heç vaxt özünü ağıllı göstərməməlidir" FOTO


Digərləri 08 İyn 2018 18:50:00 380 0

"Aparıcı heç vaxt özünü ağıllı göstərməməlidir"  FOTO

Aqşin Kamal: "Bəzi jurnalistlərin "getmərəm" dediyi yerlərdən də çəkilişlər etmişəm" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Aparıcılığa gedən yolun müxbirlikdən keçməsinin tərəfdarıdır. Düşünür ki, bu zaman aparıcı tamaşaçıya çatdırdığını daha yaxşı anlayır. Öz karyerası da məhz bu cür olub, 10 ildən çox müxbir kimi fəaliyyət göstərib. Aparıcının xəbərin tamaşaçılara çatdırılması üçün bir vasitə olduğunu deyir. "Aparıcı səmimi olmalıdır" deyən müsahibimiz "Xəzər xəbər"in aparıcısı və redaktoru Aqşin Kamaldır.

- Elə lap əvvəldən - karyera yolunun ilk vaxtlarından danışaq. Necə başlayıb, bu yol?

- Mən ixtisasca, jurnalist deyiləm. Birinci filologiya - ingilis dili və ədəbiyyatı üzrə təhsil almışam. Sonra Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə və hüquq fakültəsini bitirmişəm. Telejurnalistikaya isə uşaq yaşlarımdan həvəsim olub. Elə tələbəliyimin ilk ilində 2001-ci ildə televiziya ilə yolumuz kəsişdi. Tələbə vaxtı gənclər təşkilatının sədri idim. Sədr olaraq Naxçıvan Dövlət Televiziyasında bir verilişə dəvət almışdım. Canlı efirdə qonaq idim. Verilişdə siyasi mövzuda danışanda televiziyanın rəhbərinin xoşuna gəlmişdi. Mənə əməkdaşlıq təklif etdilər. Valideynlərimlə, universitetlə məsləhətləşdikdən sonra televiziya ilə əməkdaşlığa başladım. Elə o kanalda televiziyaçılığın əlifbasını öyrəndim. Məni sınaq müddətli işə götürdülər, çox qısa vaxtdan sonra gənclik və hərbi-vətənpərvərlik redaksiyasında redaktor kimi əmrim verildi. Televiziya ilə yanaşı, Naxçıvanda dövrü mətbuatda müxtəlif məqalələrlə, yazılarla çıxışlar edirdim. Tələbəlik müddətində elə orda işlədim. Universitetdən sonra hərbi xidmətə getdim. Qayıtdıqdan sonra Bakıya gəldim və "Lider" televiziyasında xəbərlər departamentində çalışmağa başladım. Təxminən 7 il orda çalışdım. Prezident, parlament müxbiri olmuşam, siyasət sahəsini işləmişəm. Demək olar ki, jurnalistikada bütün sahələrdə çəkilişlər eləmişəm. Hətta, bəzi jurnalistlərin "getmərəm" dediyi yerlərdən də çəkilişlər etmişəm. 2012-ci ildən isə "Xəzər" televiziyasındayam. Həm aparıcılıq edirəm, həm də müxbir kimi fəaliyyətim olub. Müxbirliyə önəm verirəm. Çünki bu, televiziyada ən önəmli mərhələdir. Müxbir fəaliyyəti zamanı adam bütün sahələrlə əlaqədə olur, formalaşır və sabah aparıcı olanda nə çatdırdığını bilir. Bu, çox önəmlidir.

- Sizin karyeranızda əsas yeri müxbir yox, aparıcılığın tutduğunu demək olar?

- 2001-ci ildən bu günə qədər televiziyada işləyirəm. 2012-ci ilə qədər əsasən müxbir olmuşam. Bu isə elə də az müddət sayılmaz.

- Maraqlı gələn bir məqam var. İki dəfə ali təhsil almısınız, hər biri başqa istiqamətlərdə. Jurnalistikaya marağınız olub, bəs niyə o istiqamətdə təhsil almamısız?

- Birincisi, qismət olmayıb. İkincisi, jurnalistikaya, televiziyaya, yazmağa uşaqlıqdan meyilli idim, hətta şeirlər də yazırdım. Şagird, tələbə olanda və ondan sonra da müxtəlif almanaxlarda, kitablarda şeirlərim çıxıb. Müəyyən mənada qabiliyyətim olub deyə, hardasa düşünmüşəm ki, insan yaza bilirsə, deməli, o jurnalistlik edə, təcrübə ilə işi öyrənə bilər. Ancaq indi düşünürəm ki, peşəkar jurnalist olmaq üçün mütləq təhsil almaq lazımdır. Və ya üzərinizdə işləməlisiniz. Məndə belə oldu ki, işlədikcə öyrəndim.

- Bu öyrənmə prosesi necə oldu?

- Gördüklərimi götürmək qabiliyyəti yaxşıdır. Naxçıvan Televiziyasında işləyəndə orada təcrübəli adamlar var idi, onlardan öyrənməyə çalışdım. Eyni zamanda, Türkiyədə jurnalistika sahəsində oxuyan yoldaşlarım var idi, onlarla əlaqə saxlayıb dərsliklərini əldə edirdim. Çox böyük marağım var idi. Rusiya, Türkiyə, Amerika və Azərbaycan televiziyalarına, peşəkarlara baxıb öyrənirdim. Olan imkanları dəyərləndirib bacardığım qədər öz üzərimdə işləyirdim. Hətta sonralar sadaladığım ölkələrin hamısında ən aparıcı televiziyaların özündə olmaq, peşəkarların təcrübəsindən yararlanmaq imkanı da nəsib olub.

- Uşaqlıqdan həvəs göstərib gəldiyiniz sahədəsiniz. Bəs, sonra o vaxtkı maraq ölmədi ki?

- Qətiyyən. İnsan çalışdıqca, təcrübəsi artdıqca irəli getmək, yerində saymamaq istəyir. Bu nöqteyi-nəzərdən mən də yenilik, jurnalistikada inkişaf etmək istəyirəm. İndi də o həvəsim var.

- Karyera inkişafında maraqlı olan insanlar adətən, çox işləyən olurlar. Çox çalışan insansınız?