Elmin İnkişafı Fondu “ElmTəhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin nəticələrini açıqladı


Digərləri 08 İyn 2018 18:32:02 340 0

Elmin İnkişafı Fondu “ElmTəhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin nəticələrini açıqladı

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu birinci "Elm-Təhsil İnteqrasiyası" qrant müsabiqəsinin nəticələrini açıqlayıb.

Son.az bildirir ki, müsabiqə 2016-cı ilin dekabrın 28-də elan olunub. Qrant layihələri 2017-ci il 05 yanvar - 28 fevral tarixləri arasında müsabiqəyə daxil olub. Yuxarıda göstərilən müddət ərzində müsabiqəyə Azərbaycan tərəfindən 138 layihə təqdim edilib. Layihələrin texniki ekspertizası təşkil olunub, müsabiqə qaydaları və tələblərinə cavab verməyən 4 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 133 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb. Müsabiqənin nəticələrinə əsasən, "Elm-Təhsil İnteqrasiyası" qrant müsabiqəsi çərçivəsində 69 fundamental-tətbiqi xarakterli və 2 xüsusi qalib layihə müəyyənləşdirilib. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) kifayət qədər yüksək - 51.45% olub. Fizika-riyaziyyat və texnika elmləri üzrə 21, kimya elmləri üzrə 11, Yer haqqında elmlər üzrə 9, biologiya, tibb və aqrar elmləri üzrə 11, humanitar və ictimai elmlər üzrə isə 17 layihə qalib elan edilib. Layihələrin maliyyələşdirilmə həcmi 25-95 min manat arasında dəyişir. Cari müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 4 milyon 090 min manat təşkil edib. 70 layihənin icra müddəti 1 il, 1 layihənin icra müddəti isə 2 ildir. Layihələr akademik və ali təhsil müəssisəsindən olan 2 rəhbərlə (əsas rəhbər və həm-rəhbər) təmsil olunur və müsabiqədə iştirak edən müvəqqəti yaradıcı kollektivin formalaşdırılmasında akademik və təhsil qurumlarında olan alimlərin sayında paritet gözlənilib. Rəhbər və həm-rəhbərlər sırasında 109 nəfər kişi, 31 nəfər isə qadın var.