Ukraynalı yazıçılar Bakı Slavyan Universitetində olublar (FOTO)


Digərləri 08 İyn 2018 17:00:07 302 0

Ukraynalı yazıçılar Bakı Slavyan Universitetində olublar (FOTO)

Bakı Slavyan Universitetində (BSU) çağdaş Ukrayna ədəbiyyatının tanınmış simaları Vladimir Danilenko və Nikolay Xomiçlə görüş olub.

Bakı. Bakı Slavyan Universitetində (BSU) çağdaş Ukrayna ədəbiyyatının tanınmış simaları Vladimir Danilenko və Nikolay Xomiçlə görüş olub. Universitetdən Trend-ə verilən məlumata görə, görüşdən əvvəl qonaqları qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycanla Ukrayna arasında münasibətlərin qədim tarixə malik olduğunu bildirib. Ədəbiyyatın, sözün sərhədsiz olduğunu bildirən rektor Azərbaycanda böyük Ukrayna şairi Taras Şevçonkonun yaradıcılığına daim diqqət yetirildiyini, əsərlərinin dönə-dönə dilimizə çevrildiyini deyib. N.Əliyeva xalqlarımız arasındakı çoxəsrlik yaxın dostluq ənənəsinin bu gün də davam etdiyini, mədəniyyət, təhsil, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın genişləndiyini qeyd edib. Humanitar sahədə qurulan əməkdaşlıqda BSU-nun əhəmiyyətindən danışan rektor bildirilib ki, universitetdə 2001-ci ildə yaradılmış Ukrayna Tədris - Mədəniyyət Mərkəzi ölkələrimiz arasında münasibətlərin inkişafına töhfəsini verməkdədir. Rektor qeyd edib ki, hazırda universitetdə Ukrayna dilini və ədəbiyyatını öyrənən tələbələrin bu dili mükəmməl öyrənmələri üçün Ukraynanın tanınmış universitetlərindən mütəxəssis müəllimlər dəvət olunur. Universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov isə BSU-nun Ukraynada fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərindən danışıb. O, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində, Poltava İqtisadiyyat və Ticarət Univeritetində, Çerniqov Milli Texnologiya Universitetində Azərbaycan mərkəzlərinin fəaliyyət göstərdiyini, həmin mərkəzlərdə ukraynalı gənclərə Azərbaycan dili və ədəbiyyatının öyrədildiyini bildirib. O, əlavə edib ki, 2008-ci ildə Kiyev Linqivistik Universitetində Ukrayna - azərbaycanca, Azərbaycanca - ukraynca danışıq kitabçası, 2014-cü ildə Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə professorlar R.Novruzov və İ.Qasımovun hazırladığı ukraynalı gənclər üçün Azərbaycan dili adlı dərs vəsaiti, 2015-ci ildə Azərbaycan-Ukrayna-rus-ingilis dillərində terminoloji lüğət nəşr edilib. Bu il isə Ukrayna vətəndaşı İvan Pavliyin “Ukrayna bədii ədəbiyyatının Azərbaycan dilinə tərcüməsinin tarixi problemləri” mövzusunda dissertasiya müdafiə etdiyini qeyd edib.