İcra başçısı Arif Alışanovu öldürməyə cəhddə təqsirləndirilən şəxsin qızına torpaq sahəsi verib


Digərləri 08 İyn 2018 16:43:00 378 0

İcra başçısı Arif Alışanovu öldürməyə cəhddə təqsirləndirilən şəxsin qızına torpaq sahəsi verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rövşən Eynalov ifadə verib.

O bildirib ki, təqsirləndirilən Z.Şirinov onun bacısı oğludur və həbs edildiyi zaman Şamaxı Rayon Polis Şöbəsinə aparıldığını görüb.

Şahid Ülvi Mirzəyev dindirilən zaman qeyd edib ki, Ş.Əkbərovun qızının evinin tikinti işləri ilə məşğul olub. O, evin tikintisinə 80 min manat pul xərcləndiyini deyib: "Evin tikintisinə həm Şücayət Əkbərov, həm də qızının qayınatası köməklik edib".

Ü.Mirzəyev ifadəsində söyləyib ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Ş.Əkbərovun qızı üçün torpaq sahəsini pay verib.

Digər şahid İsmət Abışov bildirib ki, zərərçəkmiş Dəyanət Cəfərov onu və Ş.Əkbərovu Gəncəyə texnika almağa aparıb. O, hər iki traktorun pulunu A.Alışanov tərəfindən verildiyini söyləyib.

Ş.Əkbərov isə şahidin yalan danışdığını, traktorun birinin pulunu özünün verdiyini ifadə edib.

Daha sonra Şamaxının Mədrəsə kəndinin bələdiyyə sədri olan Asif Bayramov ifadə verib. O, özünə aid 12 sot torpağı Ş.Əkbərova 5 min manat qiymətinə satdığını bildirib.

Məhkəmədə fasilə yaranıb. Bu zaman təqsirləndirilən Ş.Əkbərov digər təqsirləndirilən A.Hüseynov və onun qardaşı ilə əvvəl mübahisə edib, onlar sonra bir-birinin ünvanına təhqiredici ifadələr işlədiblər.

Hakim hər iki təqsirləndirilən şəxsə xəbərdarlıq edib. A.Hüseynov isə məhkəmə zalından bir neçə dəqiqəlik çölə çıxarılıb.