Göyçay sakinlərinin yeganə gedişgəliş yolu olan asma körpüsü bağlanıb FOTO


Digərləri 08 İyn 2018 12:30:00 458 0

Göyçay sakinlərinin yeganə gedişgəliş yolu olan asma körpüsü bağlanıb  FOTO

Göyçay çayına gələn güclü selin fəsadları aradan qaldırılanadək rayon sakinlərinin müvəqqəti gediş-gəlişi üçün nəzərdə tutulan çay üzərindəki asma piyada körpüsü dağılmaq təhlükəsi ilə üzləşdiyi üçün yenidən bağlanıb.   Son.az APA-ya istinadən xəbər verir ki, Göyçay çayında güclü sel nəticəsində Bakı-Şamaxı-Yevlax yolu üzərindəki avtomobil və piyada körpüsü dağılaraq yararsız hala düşdüyü üçün şəhərin şimalındakı köhnə və qəzalı vəziyyətdə olan asma piyada körpüsü insanların müvəqqəti istifadəsinə verilmişdi. Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Komissiyasının rəhbər şəxsləri iyunun 3-də asma piyada körpüsünə baxış keçirərək orada təmir-bərpa işləri görüldükdən sonra insanların keçidinə icazə vermişdilər.   Rayon Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev APA-nın yerli bürosuna bildirib ki, körpünün hər iki tərəfinə 3 metr uzunluğunda dəmir körpü qaynaq edilərək artırma işləri görülərək orada təhlükəli vəziyyət qismən aradan qaldırılmışdı: "Altı gündür ki, Göyçay şəhərinin şərq və qərb hissəsində yaşayan insanlar, eləcə də 38 kəndin sakinləri bu piyada körpüsündən keçməklə hərəkət edir. Rayonun 38 kəndindən Göyçay şəhərinə gələn avtobuslar sərnişinləri həmin asma piyada körpüsünün yanına gətirir. Şəhərdaxili marşrut mikroavtobusları da sərnişinlərin daşınmasını həmin körpüyədək həyata keçirir. Ötən gecə bu asma piyada körpüsünün bir tərəfində torpaq uçqunu baş verib və insanların çayın üzərindən keçməsi təhlükəli olduğuna görə körpü dərhal bağlanıb. Körpünün polis əməkdaşları tərəfindən mühafizəsi gücləndirilib, insanların oradan keçməsinə icazə verilməyib. Hazırda körpünün hər iki tərəfinə əlavə 6 metr uzunluğunda dəmir körpü qaynaq edilərək artırma işləri görülür. Təhlükəli vəziyyət aradan qaldırıldıqdan sonra bu gün səhər saat 10:00-dan sonra körpüdən insanların yenidən keçidinə icazə verilib".

Qeyd edək ki, selin təsiri nəticəsində uzunluğu 76 metr, eni 11.5 metr olan avtomobil körpüsünün 15 metr hissəsi dağılıb, nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb, Göyçay şəhərinin şərq hissəsinin və 38 kəndin əhalisinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hazırda həmin körpünün bərpası üçün işlər görülür. Bərpa işlərinin bir neçə ay davam edəcəyi bildirilir. Avtomobillərin çay üzərindən hərəkətinin müvəqqəti təmin edilməsi üçün bir həftə ərzində alternativ körpünün tikilməsi nəzərdə tutulsa da sonradan təxirə salınıb.  


Xəbərə aid fotolar