Bu gün magistraturaya ixtisas seçimi başlayır


Digərləri 08 İyn 2018 09:54:00 252 0

Bu gün magistraturaya ixtisas seçimi başlayır

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi 2018-ci il iyunun 8-dən 18-dək aparılacaq.

Bakı. İlhamə İsabalayeva - 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi 2018-ci il iyunun 8-dən 18-dək aparılacaq. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ixtisaslaşma seçiminə 2018-ci ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar. Bakalavrlar "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 20-dək ixtisaslaşma kodunu göstərə bilərlər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına (bəzi ixtisaslaşmalar üçün xarici dilə qoyulan tələbə) müvafiq olmalıdır. Bakalavr seçdiyi ixtisaslaşmaları istədiyi ardıcıllıqla DİM-in internet saytında öz elektron ərizə formasına daxil edir, hər bir ixtisaslaşma üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir və öz ixtisaslaşma seçimini təsdiqləyir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir. Magistraturada dövlət hesabına təhsil almış magistrlər yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər. Xarici dil imtahanını ərəb və ya fars dili üzrə verən bakalavrlar «İxtisaslaşma seçimi cədvəli»nə əsasən, yalnız 38 saylı və ya 46 saylı proqrama aid olan ixtisaslaşmaları seçə bilərlər.