Orxan Pamuk haqqında


Dünya 07 İyn 2018 23:51:00 294 0

Orxan Pamuk haqqında

Bu gün Orxan Pamukun doğum günüdür.

Son.az lent.az-a istinadən Seymur Baycanın onun haqqında yazdığı esseni təqdim edir.

Yaşayan məşhurlar haqqında yazmaq çətindi. Tərifləyəcəksən, deyəcəklər onun sənin tərifinə ehtiyacı yoxdur. Onu tanıyırıq, sənin təqdimatın yersizdir. Tənqid edəcəksən, deyəcəklər get işinlə məşğul ol, gör kim kimi tənqid edir. Hətta tənqid etdiyin adamı sevməyənlər də özlərini ağıllı göstərmək, sancmaq fürsətini qaçırmayaraq bəzən eyni sözü deyirlər. Bu cür müəmmalı vəziyyətə düşməyinə baxmayaraq yenə də yaşayan məşhurların bəziləri haqqında öz sözünü demək istəyirsən. Mənim üçün bu cür adamlardan biri də Orxan Pamukdur. Neçə vaxtdır onun haqqında yazmaq istəyirəm, bilmirəm hardan başlayım, mövzuya hardan girim. Əsərləri müxtəlif coğrafiyada yaşayan xalqların dilinə çevrilmiş, esseləri, müsahibələri məşhur qəzetlərdə, jurnallarda görünən, daima diqqət mərkəzində olan, Nobel mükafatı almış bir adam haqqında nə yazasan?

Etiraf edim ki, onun yaradıcılığı ilə dərindən tanış deyiləm. "İstanbul, Xatirələr", "Mənim adım qırmızı", "Qar" əsərlərini, esselərini, müsahibələrini oxumuşam, çıxışlarına qulaq asmışam. "Cövdət bəy və oğulları"nı oxumağa başlamışdım. Əsəri yarılamışdım, yarımçıq qaldı. Davamını oxumağı planlaşdırıram. Bir çox dostlarım Orxan Pamukun "Qara kitab" əsərini oxumadığımı eşidəndə təəccüblənirlər, deyirlər ki, onun şedevri "Qara kitab"dır. Yaradıcılığı ilə dərindən tanış olmasam da düşünürəm ki, oxuduqlarım Pamukun yaradıcılıq laboratoriyasını tanımağıma, Pamuku bir müəllif kimi hiss etməyimə bəs edib. Pamuk keçmişinə çox bağlı adamdı. Keçmişin onun üzərində təsiri çox böyükdür. Meksika yazıçısı Karlos Fuentes müsahibələrinin birində demişdi: 

"Əslində, fiziki olaraq yazı prosesi mənim üçün asanlaşıb. Zaman ötdükcə, keçmiş bu günə çevrilir, sənin bir zaman yaşadıqların, amma həmişəlik itib-batdığını düşündüklərin bir də görürsən, əsərlərində işinə yarayır. Qəfildən yazıya çevrilirlər, sanki müstəqil şəkildə zaman ardıcıllığı üzrə düzülüblər və növbələri çatdıqca özlərinə ədəbi forma tələb edirlər. Keçmişin bu təzahürləri sənin bugünkü yaşamının diqqət mərkəzinə gəlir. Vaxt olub onları əhəmiyyətsiz saymısan, düşünmüsən ki, bir də çətin yadına düşə, amma sən demə onlar sadəcə, öz məqamlarını gözləyiblər. Əgər iyirmi beş yaşındasansa və yazmağa mövzu gəzirsənsə, düşünürsən ki, belə şeylər çətin işinə yaraya. Amma vaxt keçir və onlar sənə səxavətlə "məndən istifadə et" deyir. Əlli yaşımda məlum oldu ki, sən demə qapımın ağzında yazıya çevrilməsini istəyən obraz və formaların uzun bir növbəsi yaranıb. Ürək istər ki, onların hamısından istifadə edəsən, amma qorxuram vaxtım çatmaya. Onların arasından kimisə seçmək dəhşətli dərəcədə çətin işdir və bu prosesdə həm də gərək kimlərisə öldürəsən... Məncə, elə ki yazıçı ömrünü yarıladı, gərək ölümünü gözü önünə alsın ki, yazı-pozuya daha ciddi yanaşmağa başlasın. Elə adamlar var ki, öz aqibətini çox tez hiss edir. Rembo kimi. Elə ki ölümü göz önünə aldın, anlayırsan ki, xeyli mövzu var ki, batıb-getməyə qoymamalısan. Ölüm - ən böyük Mesenatdır, ölüm - ən gözəl ilham pərisidir. Anlayırsan ki, gərək yazasan, çünki bu ömür bir gün bitəcək..."

Bu nəyin kafasıdır? Son vaxtlar oxuduğum ən maraqlı və təsirli müsahibələrdən biri idi. Adam haralardadır. İlham pərisi sözü xeyli urvatdan düşsə də, gəlin burda "hərənin bir ilham pərisi var" sözünü işlətməkdən qorxmayaq. Kimisini öz şəxsi davası yazmağa məcbur edir. Kimisi yalnız bir adam üçün yazır. Bəzilərinin bir yox, bir neçə ilham pərisi olur. Söhbət yazıçı rolunu uzaqdan-uzağa mənimsəyib artist kimi oynayanlardan, tutuquşu kimi təkrarlayanlardan getmir. Söhbət həqiqi yazıçılardan və usta imitatorlardan gedir. Söhbət o adamlardan gedir ki, ədəbiyyat onlar üçün artıq hər şeydir. Belələri haqqında məşhur bir yazıçı maraqlı ifadə işlətmişdi: "Ədəbiyyatdan elə vəchlə danışırlar ki, elə bil sevdikləri qadın haqqında danışırlar."

Bu adamlar sözün həqiqi mənasında ədəbiyyatsız yaşaya bilmirlər. Gördükləri hər bir təbiət mənzərəsi, hər bir əşya, geyim növü, adamlar onlar üçün ədəbiyyatdır. Ola bilsin bu söhbətdə usta imitatorları həqiqi yazıçılara birləşdirməyim bəzi insanların təəccübünə, bəzilərinin narazılığına səbəb olsun. Bəli, bir çox cəhətlər var ki, insan onu özü özündə yarada bilər. Böyük çalışqanlıqla, işləməklə, nizam-intizamla dayanmadan öyrənməklə özündə yaratdığı cəhəti daha da inkişaf etdirər, təkmilləşdirər. Müdrikliyin əvvəli var, sonu yoxdur.