Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiqə həsr olunmuş tədbir keçirilib FOTO


Digərləri 07 İyn 2018 21:31:00 316 0

Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiqə həsr olunmuş tədbir keçirilib  FOTO

Beynəlxalq Muğam Mərkəzində VIII "Şairlər günü"nə həsr olunmuş tədbir keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbir görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqə həsr olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Müşfiqin 110 illik yubileyi respublikamızda təntənəli şəkildə qeyd edilir. Tədbir Gənc Şairlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi), TURKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kİtabxanası, TİKA, Azərkitab - Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyi ilə reallaşıb.

Tədbirdə İlk olaraq Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Mikayıl Müşfiqə həsr olunmuş film nümayiş etdirilib.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rza bu tədbirin ölkəmizdə artıq 8 ildir ki, keçirildiyini və builki mərasiminin unudulmaz şair Mikayıl Müşfiqin anılması ilə başlandığının heç də təsadüfi olmadığını söyləyib.

Bildirilib ki, Azərbaycanda keçirilən ənənəvi "Şairlər Günün"də həmişə olduğu kimi, bu dəfə də ölkəmizin, habelə dünyanın 10-dan çox ölkəsindən incəsənət, mədəniyyət xadimləri, tanınmış şairlər və ziyalılar iştirak edirlər.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, millət vəkili Qənirə Paşayeva, millət vəkili Jalə Əliyeva, TURKPA-nın baş katibi Altınbek Mamayusupov, Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) sədri Mehmet Nuri Parmaksız da çıxış edərək, poeziyanın insan həyatındakı rolundan danııblar, həyatdan nakam getmiş Mikayıl Müşfiq poeziyasının qüdrəti haqqında fikirlərini bölüşüblər. Qeyd olunub ki, Mikayıl Müşfiq həm Azərbaycanın, həm də Türkiyənin şairidir.