Qədr gecəsinin ən yaxşı əməli hansıdır?


Digərləri 07 İyn 2018 21:20:00 277 0

Qədr gecəsinin ən yaxşı əməli hansıdır?

Həyatımızda elə zamanlar vardır ki, onlardan bəhrələnərək daha çox axirət faydası qazana bilərik. Bu zamanlardan biri də Qədr gecəsi və onun əhyalarıdır. Allahını, Peyğəmbərini (s) və Əhli-beytini (ə) tanıyan hər bir insan bu gecələrin intizarını çəkər. Ondan ən yaxşı şəkildə faydalanmaq istəyər. Çalışaq ki, bu əhya gecələri əvvəlki gecələrdən feyz və inayəti ilə fərqlənsin.

İmam Əli (ə) buyurur: "Fürsət bulud kimi keçər. Ona görə də yaxşı fürsətləri qənimət bilin". Bizim həyatımızda olan bu fürsətlər qızıl və gümüşdən də dəyərlidir. Bu dəyərli fürsətin qədrini bilək və onu qənimət bilək.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu gecənin özünəməxsus əməlləri vardır ki, o cümlədən: qüsl, dua, Quranı və Əhli-beyti (ə) vasitə qərar vermək, İmam Hüseynin (ə) ziyarəti, xüsusi namaz kimi.

Bu gecəni başqa gecələrdən fərqləndirən cəhət odur ki, bu gecədə Quran nazil olmuşdur. Bu gecə ona görə əzizdir ki, insanın hidayət olmaq zəminəsini hazırlayır. Hədəf - Allaha çatmaqdır, bu İlahi səfər isə mərifət olmadan mümkün deyildir. Quran və dua oxumaq bəyənilən əməllərdəndir. Ancaq əgər onları nə üçün oxuduğun haqqında düşünməsən və təfəkkür etməsən, faydası və əcri az olar.

Ona görə də bu gecələrdə edilə bilən ən yaxşı əməl - təfəkkür etmək və düşünməkdir. Əgər Quran oxuyuruqsa, mənasına diqqət edək. Əgər dua oxuyuruqsa, bizə nə dediklərinə qulaq verək. Min gecədən üstün olan bu gecələrdə fikirlərimizi nizama salaq və Allahla əhd bağlayaq ki, etdiyimiz bütün işləri düşünüb edəcəyik.