Münaqişələrin həllində əsas prinsip dövlətlərin ərazi bütövlüyü olmalıdır


Siyasət 07 İyn 2018 20:23:00 299 0

Münaqişələrin həllində əsas prinsip dövlətlərin ərazi bütövlüyü olmalıdır

Dünyanı qorumaq üçün münaqişələrin həllində əsas prinsip dövlətlərin ərazi bütövlüyü olmalıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Moskvada "Parlamentarizmin inkişafı" mövzusunda keçirilən Beynəlxalq forumun iştirakçısı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev deyib.

Forumun təhlükəsizlik seksiyasındakı çıxışında xalqların öz müqəddəratını təyin etmək prinsipini qabardan Ermənistan parlamentinin spikeri Ara Babloyan bildirib ki, bütün münaqişələr bu çərçivədə həll olunmalıdır. Ara Babloyanın çıxışına cavab olaraq Asəf Hacıyev xatırladıb ki, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası tərəfindən dövlətlərin ərazi bütövlüyü əsas prinsiplərdən biri kimi qəbul olunub. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Avropa Şurasının qəbul etdiyi qərar var. Amma ən önəmli sənədlərdən biri Helsinki Yekun Aktıdır. Bu yaxınlarda bütün dünya bu sənədin 45 illiyini qeyd etdi və həmin sənəddə üç prinsip öz əksini tapıb: münaqişələrin sülh yolu ilə həll olunması (buna heç kəs etiraz etmir), dövlətlərin ərazi bütövlüyü və nəhayət, xalqların öz müqəddəratını təyin etmək prinsipi. Əgər xalqların öz müqəddəratını təyin etmək prinsipi şərtsiz həyata keçirilərsə, bu zaman dünyada yüzlərlə yeni kiçik dövlət yaranacaq, onlar bütün qonşularla müharibə edəcək, bu da dünyanın sonuna gətirib çıxaracaq.

"Mən forumun tribunasından Ermənistan parlamentinin spikerinə Rusiya Prezidenti Vladimir Putinin sözləri ilə müraciət etdim. Putin iki il bundan əvvəl BMT-nin Baş Assambleyasında çıxış etdiyi zaman belə bir cümlə işlətmişdi: "Siz dərk edirsinizmi ki, dünyanı nə günə qoydunuz?". Siz ümumiyyətlə danışanda başa düşürsünüz ki, dünyanı hara aparırsınız? Siz dünyanın sonunu gətirirsiniz. İstəyirsiniz ki, dünya məhv olsun? Bu prinsip yalnız dövlətlərin ərazi bütövlüyü çərçivəsində həyata keçirilə bilər", - deyən Asəf Hacıyev buna misal olaraq Aland adalarını nümunə gətirib. "Bu adalar ərazi baxımdan Finlandiyaya aiddir, amma buradakı xalqlar İsveç mədəni dəyərləri ilə yaşayırlar. Dağlıq Qarabağda yaşayan ermənilər bilməlidirlər ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, Azərbaycanın bir qarış torpağı belə müzakirə obyekti ola bilməz", - deyə Asəf Hacıyev Ermənistan parlamentinin sədrinə səslənib.

Asəf Hacıyev deyib: "Ərazi bütövlüyü prinsipinə qayıdarkən bir də vurğulamaq istərdim ki, hazırda Suriyada vəziyyət çox mürəkkəbdir. Amma Rusiya, İran, Türkiyə bəyan etdilər ki, Suriyanın ərazi bütövlüyü toxunulmazdır. Çünki artıq dünya başa düşür ki, bu prinsipdən geri çəkilmək olmaz. Ona görə dövlətlərin ərazi bütövlüyü dünyanın əsas prinsipidir, hər bir məsələ yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Xalqların öz müqəddəratını təyin etməsi ərazi bütövlüyü çərçivəsində olmalıdır. Heç bir dövlət razı olmaz ki, onun ərazisi başqasına verilsin. Ola bilsin, iki dövlət sərhəddə dəyişiklik etmək qərarına gələ bilər. Bu, onların öz işidir. Azərbaycan xalqı, Azərbaycan Prezidenti də hər zaman bildirir ki, ölkəmizin ərazi bütövlüyü bizim üçün ən müqəddəs prinsipdir. Biz bundan heç vaxt geri çəkilməyəcəyik".

Forumdakı çıxışında A.Hacıyev, həmçinin hazırda çox yayılan kibertəhlükəsizlik məsələlərinə də toxunub. Qeyd edib ki, hazırda sürətlə inkişaf edən dünya iqtisadiyyatı yeni mərhələyə çatıb. Bu mərhələyə rəqəmsal iqtisadiyyat deyilir. Rəqəmsal iqtisadiyyat üçün çox təhlükəli olan kiberhücumların qarşısını almaq üçün yüksək texnologiyalar inkişaf etməlidir. Bu gün dünyanın ən bahalı sektoru informasiya texnologiyalarıdır. Bura sərf olunan vəsait hazırda dünya üzrə 4,5 trilyon dollara çatır. Müqayisə üçün deyim ki, neft sektoru təxminən 2,5-3 trilyon dollara, bank sektoru 3-3,5 trilyon dollara bərabər olduğu halda, informasiya texnologiyaları 4,5 trilyon dollar həcmində qiymətləndirilir və bu rəqəm ildən-ilə artır. Ekspertlərin qənaətinə görə, informasiya texnologiyalarına qoyulan vəsait beş il müddətində iki dəfə artıb. Ona görə təxminən 200 ildən sonra dünyanın ümumi daxili məhsulunun 80 faizi məhz informasiya texnologiyalarından əldə olunacaq. Bütün dünya hazırda öz gücünü bu istiqamətə yönəldir, ona görə də kiberhücumların qarşısı alınmalıdır. Çünki kiberhücumlardan əldə olunan böyük vəsaitlər silaha, narkotikə, insan alverinə xərclənir.

"Parlamentarizmin inkişafı" forumunda qəbul edilən deklarasiyada qeyd olunur ki, BMT səviyyəsində qərarlara hörmətlə yanaşılsın və bu qərarlar həyata keçirilsin. Bu da Azərbaycanın marağına cavab verir. BMT-nin Dağlıq Qarabağla bağlı dörd qətnaməsi var. Bu deklarasiyanın qəbul olunması bir daha təsdiqlədi ki, dünya bu qətnamələrin kağız üzərində qalmaması üçün çalışmalıdır. Aprel döyüşləri göstərdi ki, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanın güclü ordusu var və o, öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir", - deyə Asəf Hacıyev vurğulayıb.

Qeyd edək ki, forumda 500-ə yaxın nümayəndə, o cümlədən 20 ölkənin parlament sədrləri, müxtəlif parlament assambleyalarının rəhbərləri, baş katibləri iştirak edib.