Qəbələdə “Tarixin canlı səhifələri” adlı Gənclər Festivalı keçirilib


Digərləri 07 İyn 2018 20:08:27 236 0

Qəbələdə “Tarixin canlı səhifələri” adlı Gənclər Festivalı keçirilib

Vəndam qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyləri münasibətilə VI Gənclər Festivalı keçirilib.

Bakı. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Dövlət Sərhəd Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Vəndam qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyləri münasibətilə “Tarixin canlı səhifələri” adlı VI Gənclər Festivalı keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, festivalda müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Akademik Milli Dram, Gənc Tamaşaçılar, Rus Dram, Şəki Dövlət Dram və Mingəçevir Dövlət Dram teatrlarının pəşəkar aktyorları və tələbələr tərəfindən tarixi faktlar əsasında hazırlanan tamaşa nümayiş olunub. Layihənin elmi rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, rejissoru Xalq artisti Vaqif Əsədov, ssenari müəllifi filologiya elmləri doktoru, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmlidir. Gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər ilk olaraq festival çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş xüsusi dekorasiyalı sərgi ilə tanış olublar. A.Rəhimov bildirib ki, hər tərəfi yaşıllıqlarla əhatə olunan sahədə demək olar ki, yeni bir şəhərcik tikilib. Nazir keçirilən layihənin mahiyyəti haqqında danışarkən diqqətə çatdırıb ki, əsas məqsəd zəngin tariximiz haqda faktları gənc nəslə ötürmək, onlarda vətənpərvərlik hissini daha da artırmaqdır.