"Yeni rəhbərliyin Ermənistanı izolyasiyadan çıxarmaq üçün yeganə yolu..."


Siyasət 07 İyn 2018 19:58:37 415 0

"Yeni rəhbərliyin Ermənistanı izolyasiyadan çıxarmaq üçün yeganə yolu..."

Prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə təşkil olunmuş iftar mərasimində çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlər yeni baş nazir Nikol Paşinyanın rəhbərliyi altında yeni formalaşan hökumət üçün xüsusi bir siqnal anlamındadır.

Son.az xəbər verir ki bunu Trend-ə Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Orucun sözlərinə görə, Prezident İlham Əliyev haqlı olaraq bəyan edir ki, Sarkisyanın ünvanına meydanlarda səsləndirilən ittihamlar, xalqın dilə gətirdiyi etirazın səbəbləri Azərbaycan dövlətinin on illərlə dedikləri idi:

"Ona görə də Prezidentin çıxışından doğan məntiq ondan ibarətdir ki, işğalçı ölkə demokratik ola bilməz. Paşinyan ölkə daxilində hər gün xalqa hesabat verən lider obrazını yaradıb, ancaq Şuşaya gələndə səhra komandiri rolunda çıxış edəcəksə, o, sarkisyanlaşacaq. Ədalətli məhkəmədən danışan adam Şahbaz və Dilqəmi azad edərək regional nüfuzunu gücləndirərdi, hamı deyərdi ki, bu ölkə real sülhə hazırdır. Lakin bu baş vermir. Biz Ermənistanın yeni hökumətinin Qarabağ məsələsində əvvəlkilərdən fərqli davranışlarını və addımlarını gözləyirik".

Deputat bildirib ki, həqiqətən Ermənistan müstəqil dövlətə çevrilmək, regionda normal birgəyaşayışı tanımaq istəyirsə, işğal siyasətinin dayandırılmasında gerçək addımlar atmalıdır:

"Daxildə nə qədər ədalət görüntüsü yaradırsa yaratsın, Ermənistanda yeni hakimiyyətin bölgədəki izolyasiyadan çıxmaq üçün yeganə yolu özündən əvvəlkilərin səhvlərini təkrarlamamaq, münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görmək və real danışıqlar prosesinə start verməkdir. Bunu etmədən dəmir yollarını, kommunikasiyaları, ticarəti hərəkətə gətirmək mümkün deyil".