Xızıda ixracyönümlü yeni müəssisələr yaradılır


Digərləri 07 İyn 2018 15:44:00 307 0

Xızıda ixracyönümlü yeni müəssisələr yaradılır

Prioritet hesab olunan arıçılıq, istixana, intensiv bağçılıq və iri fermer təsərrüfatlarının, şirniyyat, plastik qapı-pəncərə istehsalı müəssisələrinin, kənd turizmi və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Bakı. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir. Nazirlikdən Trend-ə verilən məlumata görə, iyunun 7-də bu istiqamətdə növbəti tədbir Xızı rayonunda keçirilib. Sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum çərçivəsində Xızı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan arıçılıq, istixana, intensiv bağçılıq və iri fermer təsərrüfatlarının, şirniyyat, plastik qapı-pəncərə istehsalı müəssisələrinin, kənd turizmi və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsini icra edən Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Xızı rayonundan olan 197 sahibkara 39,2 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan istixana, quşçuluq təsərrüfatlarının, heyvandarlıq kompleksinin, yem emalı müəssisəsinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.