Elman Nəsirov: Prezident İlham Əliyev həm Ermənistanın yeni rəhbərliyinə, həm də Minsk qrupuna ciddi mesajlar verdi


Digərləri 07 İyn 2018 12:23:11 230 0

Elman Nəsirov: Prezident İlham Əliyev həm Ermənistanın yeni rəhbərliyinə, həm də Minsk qrupuna ciddi mesajlar verdi

Prezident İlham Əliyev həm Ermənistanın yeni rəhbərliyinə, həm də ATƏT-in Minsk qrupuna ciddi mesajlar verdi.

Bakı. Elçin Mehdiyev – Prezident İlham Əliyev həm Ermənistanın yeni rəhbərliyinə, həm də ATƏT-in Minsk qrupuna ciddi mesajlar verdi. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib. E.Nəsirov bildirib ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, ötən gün müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində çıxışında da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırdı: "Ümumiyyətlə, Ermənistanda müşahidə olunan bugünkü proseslər Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimdə baş verən hadisələrin məntiqi davamıdır. Bütün bunlar proqnozlaşdırılan idi və dövlətimizin başçısının da qeyd etdiyi kimi, erməni xalqına 20 il ərzində ancaq öz maraqlarını güdən kriminal xunta rejimi rəhbərlik edib. Bu rejimin yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan ölkəni tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Bütün bunları Prezidenti İlham Əliyev dəfələrlə deyib. İndi isə bu həqiqəti erməni xalqı da təsdiq edir". Millət vəkili deyib ki, artıq bu reallıqları müxtəlif erməni politoloqları və KİV-ləri də qeyd edirlər: "Ermənistan nə qədər ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır, onun heç bir perspektivi yoxdur. Əgər Ermənistanın yeni hakimiyyəti köhnə hakimiyyətin buraxdığı səhvlərdən nəticə çıxarmasa, Ermənistanın düşdüyü bu ağır vəziyyətin əsas səbəbinin məhz işğal faktoru olduğunu dərk etməsə, Ermənistanın heç bir gələcəyi yoxdur və Ermənistan tərəfi bilməlidir ki, münaqişə yalnız və yalnız ərazi bütövlüyü prinsipi çərçivəsində həllini tapmalıdır". E.Nəsirov qeyd edib ki, Prezident İlham Əliyev bu çıxışı ilə həm Ermənistana, həm də bu münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupuna ciddi mesajlar verdi: “Minsk qrupunun həmsədrləri iyun ayında Ermənistana səfər edəcəklər. Azərbaycan Prezidenti həm də onlara danışıqların hansı əsasda aparılmalı olduğu barədə birbaşa mesaj ünvanladı. Yəni Ermənistanda yeni hakimiyyətin formalaşması heç bir halda Azərbaycanın mövqeyində dəyişikliyə gətirməyib, Azərbaycan üçün yalnız və yalnız ərazi bütövlüyü əsas prinsipdir və bundan kənarda heç bir müzakirə ola bilməz”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin