Səfir: "Azərbaycan və Yunanıstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensial var"


Digərləri 07 İyn 2018 12:14:00 358 0

Səfir: "Azərbaycan və Yunanıstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensial var"

İqtisadiyyat naziri Şahin Mustafayev Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb.

Son.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən Milli.A-a verilən məlumata görə, nazir ölkələrimiz arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulduğunu, Yunanıstan Səfirliyinin Azərbaycanda açılan ilk səfirliklərdən olduğunu qeyd edib. Vurğulanıb ki, Prezident İlham Əliyev Yunanıstanda 3 dəfə səfərdə olub, Yunanıstan rəsmiləri də ölkəmizdə səfərlərdə olublar və ölkələrimiz arasında 25-ə yaxın sənəd imzalanıb. Ölkələrimiz arasındakı Hökumətlərarası Komissiya, Azərbaycan və Yunanıstan parlamentlərində fəaliyyət göstərən işçi və dostluq qrupları, Yunanıstan-Azərbaycan Ticarət Palatası və "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti uğurlu əməkdaşlıq mexanizmlərindəndir.

Azərbaycan və Yunanıstan arasında iqtisadi əlaqələrin mövcud vəziyyətinə və əməkdaşlıq perspektivlərinə toxunan Şahin Mustafayev ölkəmizdə 11 yunan şirkətinin qeydiyyata alındığını bildirib, enerji sahəsində uğurlu əməkdaşlığı vurğulayıb. Qeyd olunub ki, ölkələrimizin birgə əməkdaşlıq etdiyi TAP layihəsi uğurla davam etdirilir. Cənub Qaz Dəhlizinin artıq rəsmi açılışı həyata keçirilib, TANAP layihəsi isə yaxın günlərdə fəaliyyətə başlayacaq. İnvestisiya qoyuluşu və ticarət əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev bu baxımdan işgüzar dairələr arasında əməkdaşlığın inkişafının, biznes forumların keçirilməsinin önəmini vurğulayıb. Bundan başqa, kənd təsərrüfatı, qida sənayesi, turizm, nəqliyyat sahələri, Azərbaycanda yaradılmış sənaye zonaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində yaradılan azad ticarət zonası da əməkdaşlıq üçün məqsədəuyğun sahələrdir.