"Gəlinlərin paltarı bağlı olmalıdır"


Digərləri 07 İyn 2018 12:18:00 534 0

"Gəlinlərin paltarı bağlı olmalıdır"

Şəxsən mən heç cür başa düşmürəm və düşmək də istəmirəm ki, toyun əvvəlində bəylə gəlin nəyə görə valsla başlamalıdır? 

Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva toy mərasimləri ilə bağlı cəmiyyətdə gedən müzakirələrə və yaşanan narahatlıqlara münasibətini bildirərkən deyib.

"Yaxşı, Avropaya inteqrasiya edirik, qloballaşan dünyada yaşayırıq, yəni, biz öz "qabığımız"da qala bilmərik, bütün bunları mən çox gözəl başa düşürəm. Mən eyni zamanda mühafizəkar bir insan da deyiləm"- deyən, millət vəkilinin sözlərinə görə, elə dəyərlər var ki, bu dəyərlərdə mühafizəkar olmağa borcluyuq:

"Bu dəyərləri qorumaqda senzuranı tətbiq etməyə hər birimiz borcluyuq və bunu da doğru-düzgün qəbul etməliyik. Məsələn, Avropadakı bir gənc öz toyunda mənim "Vağzalı"mı çaldırırmı, "Tərəkəmə"mi çaldırırmı? Xeyr! 

Onda zəhmət olmasa, o da mənə inteqrasiya etsin, mənim mədəniyyətimdən, adət-ənənələrimdən yararlansın. Bəlkə mən bir az absurd, radikal danışıram, amma bunlar mənim şəxsi fikirlərimdir. Məni də heç kəs fikrimə görə hər halda qınaya bilməz.

Nəyə görə mənim qızım, oğlum, bir başqa azərbaycanlı olan insan öz milli havası ilə, öz ən gözəl, ən müqəddəs bildiyi milli havası ilə toy zalına daxil olmasın?

Eyni zamanda, gəlinlərimiz bir bakirəlik, bir təmizlik, bir məhrəmlik rəmzidir. O zaman olmazmı ki, onların gəlinlik geyimi, üstü-başı bir az bağlı olsun?!

Vallah, indi belə danışacağam, qınayanlar olacaq ki, həddindən artıq konservativ, köhnəpərəst fikirlər irəli sürür, amma inanın ki, bunların hamısında bir gözəllik var, əlçatmazlıq həmişə gözəl olub, həmişə təmiz görünüb.

Ondan sonra yeməklərin təqdimatına ciddi fikir vermək lazımdır. İsrafçılıq etməyin adı və yeri yoxdur. Çox üzr istəyirəm, axı, kimin evində yemək yoxdur? Allaha çox şükür ki, bir tikə çörəyi hamımız tapırıq, hamımız yeyirik. 

Mənə elə gəlir ki, toyu tamadanın çıxışı ilə, musiqinin o qulaq yormayan notu ilə daha maraqlı, daha əyləncəli etmək olar. Təbii, arzumuzdur ki, bolluq olsun, çeşid çox olsun. O da bəlkə bir işartıdır, bəlkə belə bir məna daşıyır ki, övladımın toyunda  bolluq olsun ki, həyatı da bolluq içərisində keçsin. Amma onu da israfçılığa varacaq dərəcədə etmək lazım deyil. 

Əgər qonaqlar hamısı əlinin arxası ilə yeməkləri rədd edirsə, ofisiant gəlir və ona sərt şəkildə "istəmirəm-istəmirəm" deyirsə, onda onun nəyin xətrinə gətirib qoyuruq süfrəyə? Yəni, yeməklərin təqdim olunmasında da bir etika, bir estetika olmalıdır.