Prezident İlham Əliyev: "Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır" - YENİLƏNİB-2


Sosial 07 İyn 2018 01:29:00 302 0

Prezident İlham Əliyev: "Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır" - YENİLƏNİB-2

QMİ sədri öz iqamətgahında iftar süfrəsi açıb

Hər il olduğu kimi, biz bu il də mübarək Ramazan ayında iftar məclisində görüşürük. Bu gözəl ənənə yaşayır və yaşamalıdır. Bu, Azərbaycanda dövlət-din əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Dövlət-din münasibətlərinin formalaşmasının təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur.

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar mərasimində deyib..

Dövlət başçısı bildirib ki, bütün sahələrdə olduğu kimi, Ulu Öndər Azərbaycanın inkişaf konsepsiyasının müəllifidir: "İnkişaf istiqamətlərini müəyyən edərkən o, çox böyük uzaqgörənlik göstərmişdir. Bu gün Azərbaycanın uğurlu inkişafı məhz bu konsepsiyanın icrası nəticəsində mümkün olmuşdur. O cümlədən dövlət-din münasibətlərinin qurulması, yaradılması işində Heydər Əliyevin böyük xidmətləri olmuşdur. O, hakimiyyətə gələnə qədər Azərbaycanda bu münasibətlər tənzimlənmirdi və böyük boşluq yaranmışdı. Biz keçən ay Ulu Öndərin anadan olmasının 95-ci ildönümünü qeyd edərkən, əziz xatirəsinə hörmətimizi ifadə edərkən onun xalq qarşısında gördüyü böyük xidmətlər haqqında danışmışıq, onun fəaliyyətini yada salmışıq. Bu gün də şeyx həzrətlərinin təşkil etdiyi iftar məclisində Ulu Öndərin dövlət-din münasibətlərinin tənzimlənməsində gördüyü işlər və oynadığı rol haqqında danışırıq və bu, təbiidir.

Şeyx həzrətlərinin bu məsələlərin uğurla həlli işində fəaliyyətini mən çox yüksək qiymətləndirirəm. Dövlət-din münasibətlərinin inkişafı şeyx həzrətlərinin böyük əməyi sayəsində mümkün olmuşdur və bu gün bu əlaqələr nümunəvidir. Şeyx həzrətləri nəinki Azərbaycanda, eyni zamanda, Qafqazda, postsovet məkanında, Avropada, ümumiyyətlə, dünyada çox böyük hörmətə malik olan bir din xadimidir. Şeyx həzrətlərinin uğurlu fəaliyyəti Azərbaycanı dünyada öz milli dəyərlərinə sadiq, eyni zamanda, çox açıq, çox tolerant, müasir dövlət kimi təqdim edir. Azərbaycanda dövlət-din münasibətlərinin bu yüksək səviyyədə olmasında şeyx həzrətlərinin çox böyük xidməti var. Mən bilirəm ki, keçən il Azərbaycanda “İslam Həmrəyliyi İli” qeyd olunan zaman şeyx həzrətləri bir çox ölkələrdə Azərbaycan həqiqətləri haqqında danışmış, çıxış etmiş, beynəlxalq konfranslarda iştirak etmiş və ölkəmizin reallıqlarını dünya ictimaiyyətinə çatdırmışdır.

Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bugünkü iftar məclisimizdə səslənən fikirlər, ənənəvi dinlərin rəhbərlərinin çıxışları bir daha bunu göstərir. Azərbaycanda həm dövlət-din əlaqələri, həm dinlərarası əlaqələr nümunəvi xarakter daşıyır. Bilirəm ki, bu məsələlərlə bağlı Azərbaycan modeli bu gün artıq dünyada bir çox yerlərdə öyrənilir. Bu, bizim uğurlu inkişafımız üçün lazımdır. Bu, dövlət siyasətimizin təzahürüdür. Eyni zamanda, bu, cəmiyyətimizin vəziyyətini, cəmiyyətdə mövcud olan ab-havanı əks etdirir.

Azərbaycanda dinlərarası məsələlərlə bağlı çox ciddi düşünülmüş dövlət siyasəti aparılır və bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Azərbaycanda bu münasibətlərin tənzimlənməsi ölkəmizin uğurlu inkişafını təmin edir. Azərbaycanda mövcud olan milli həmrəylik, vətəndaş birliyi, sabitlik məhz bu münasibətlərin əsasında qurulubdur. Azərbaycan xalqı öz milli dəyərlərinə sadiqdir və Azərbaycan dövləti milli dəyərlər üzərində qurulubdur. Eyni zamanda, Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında artıq nümunəvi ölkə kimi tanınır. Biz həm dünyaya Azərbaycandan çox ciddi və müsbət siqnal göndəririk, həm də ölkəmizin uğurlu inkişafı üçün bu münasibətlərin yüksək səviyyədə olması çox önəmlidir. Bizim amalımız birdir, bizim niyyətimiz birdir. Biz istəyirik ki, ölkəmiz daha da güclənsin, daha da sürətlə inkişaf etsin. İstəyirik ki, Azərbaycan xalqı daha yaxşı yaşasın, rifah, sülh, əmin-amanlıq şəraitində yaşasın. Nəinki bunu istəyirik, öz praktiki addımlarımızla bunu təmin edirik.

Bir neçə gün bundan əvvəl mən Azərbaycanda fəaliyyət göstərən müsəlman ölkələrinin səfirləri ilə görüşmüşəm. Ramazan ayında bu görüşlər ənənəvi xarakter daşıyır. Görüş zamanı müsəlman ölkələri ilə bizim əlaqələrimiz haqqında danışmışam. Bu əlaqələr yüksək səviyyədədir. Azərbaycan müsəlman aləmində çox böyük dəstəyə, çox böyük hörmətə malik olan bir ölkədir. Müsəlman ölkələri beynəlxalq təşkilatlarda Azərbaycanı daim dəstəkləyirlər və yaxşı bilirlər ki, Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrini dəstəkləyir. Azərbaycan dünyada İslam mədəniyyətinin təbliği işində çox fəal və uğurlu rol oynayır. Biz dünyanın müxtəlif ölkələrində İslam mədəniyyətinin təqdimatı ilə bağlı bir çox tədbirlər keçirmişik, keçiririk və keçirəcəyik. Sərgilər, mədəni proqramlar, təqdimatlar, konfranslar – bütün bu addımlar bir məqsədi güdür ki, dünyaya İslam mədəniyyətini, İslam dəyərlərini olduğu kimi təqdim edək, bəzi hallarda İslam dini ilə bağlı təhrif edilmiş və yanlış fikirlərə qarşı öz səsimizi ucaldaq və real həqiqətləri çatdıraq. Bilirəm ki, bu sahədə apardığımız fəaliyyət müsəlman aləmində çox böyük hörmətlə qarşılanır. Bizim bu fəaliyyətimiz bir daha onu göstərir ki, Azərbaycan həm İslam mədəniyyətinin təbliğinə, həm İslam ölkələri arasındakı həmrəylik meyillərinə çox güclü töhfə verir".

***21:00

İyunun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə və qonaqlara dərin minnətdarlığını bildirib.

Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete çıxış ediblər.

Dövlət başçısı mərasimdə nitq söyləyib. Sonra iftar süfrəsi açılıb.

***19:37

İyunun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edir.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.