Pakistan şirkətləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində yaradılan azad ticarət zonasında əməkdaşlığa maraq göstərir


Digərləri 06 İyn 2018 18:58:00 296 0

Pakistan şirkətləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində yaradılan azad ticarət zonasında əməkdaşlığa maraq göstərir

Azərbaycan-Pakistan iqtisadi əlaqələri müzakirə edilib

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand ilə görüşüb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev dost Pakistanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən, Pakistan səfirliyinin Bakıda açılan ilk səfirliklərdən olduğunu qeyd edib. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev 1996-cı ildə, Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci və 2017-ci illərdə Pakistana səfər edib, Pakistan rəsmiləri ölkəmizdə səfərdə olublar. 2015-ci ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Azərbaycan Hökuməti ilə Pakistan Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyası və Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupu fəaliyyət göstərir, 2017-ci ildə İşçi Qrupunun ilk iclası keçirilib. Müdafiə, humanitar sahələrdə də əməkdaşlığımız genişdir və Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir sıra layihələr həyata keçirilib. Ş.Mustafayev Azərbaycanda bir sıra Pakistan şirkətlərinin fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə işgüzar dairələrin iştirakı ilə müxtəlif tədbirlərin, biznes forumların keçirildiyini qeyd edib, iqtisadi əlaqələrin inkişafı üçün geniş potensialı, əməkdaşlığın genişləndirilməsi perspektivlərini, xüsusilə Azərbaycanın tranzit imkanlarından istifadə imkanlarını diqqətə çatdırıb. Səfir Səid Xan Mohmand Azərbaycanın Pakistan üçün önəmli ölkə olduğunu, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayıb. Qeyd edib ki, Pakistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini tam dəstəkləyir. Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırım kimi tanıyıb.