Startapların patentləşdirilməsi məsələsi müzakirə olunur (FOTO)


Digərləri 06 İyn 2018 17:23:00 310 0

Startapların patentləşdirilməsi məsələsi müzakirə olunur (FOTO)

Startapçıların iştirak etdiyi görüşdə qabaqcıl texnoloji yeniliklərin patentləşdirilməsinin vacibliyi qeyd edilib.

Bakı. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri, Azərbaycan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqovun iştirakı ilə startap ideyalarının müəllif hüquqlarının təmin olunması müzakirə olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi, yüksək texnologiyalar və innovasiyalar sahəsində müəllif hüquqlarının təmin olunması, innovativ startap ideyalarının patentləşdirilməsi və ticarət nişanına çevrilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra uğurlu startap layihələrinin müəlliflərinin iştirakı ilə geniştərkibli görüş keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alan və Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzinin rezidenti olan startapçıların iştirak etdiyi görüşdə qabaqcıl texnoloji yeniliklərin patentləşdirilməsinin vacibliyi qeyd edilib. R.Quluzadə ölkəmizdə innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara daim diqqət və dəstək göstərildiyini qeyd edib. Nazir bildirib ki, bunun nəticəsi olaraq, son illərdə Azərbaycanın startap ekosistemi daha da inkişaf edib və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşıb.