ABŞ və İsrail İranı daxildən qarışdırmaq istəyir


Dünya 06 İyn 2018 11:59:00 265 0

ABŞ və İsrail İranı daxildən qarışdırmaq istəyir

"ABŞ İranla nüvə anlaşmasından çıxdı. Bunun qarşılığında Tehran uranın zənginləşdirməsinı artıracağını bəyan etdi. Maraqlıdır ki, bu bəyanatı prezident Həsən Ruhani deyil, ali dini lider Əli Xameneyi səsləndirdi. Bu, o deməkdir ki, İranın mühafizəkar kəsimi Həsən Ruhani və onun komandasının xarici siyasətini uğursuz hesab edir və təşəbbüsü ələ alıblar. Ruhani çətin vəziyyətdədir, Amerikanın keçmiş prezidenti Barak Obama ilə imzaladığı saziş Donald Tramp tərəfindən zibilə atıldı. Bu da Həsən Ruhaninin İrandakı mövqelərini zəiflədib".

Son.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, İsrailin baş naziri Benyamin Netanyahu indi də Avropa ölkələrini inandırmağa çalışır ki, İrana inanmaq olmaz: "Onun Berlin, Paris və Londona turnesinin yeganə mövzusu İran idi. Avropa İttifaqı Amerikadan fərqli olaraq nüvə anlaşmasından çıxmaq istəmir. Buna baxmayaraq, Amerika sanksiyalarından ehtiyat edən Avropa şirkətləri bir-bir İranı tərk edirlər. Üstəgəl, Əli Xameneyinin sosial şəbəkədə yazdığı "İsrail adlı dövlət Yaxın Şərqdən yox olmalıdır" cümləsi Avropada narazılıq doğurub. Almaniyanın kansleri Angella Merkel da narazılığını ifadə edib".