Ramazan ayının gündəlik duaları bizə nə demək istəyir?


Digərləri 05 İyn 2018 21:40:00 333 0

Ramazan ayının gündəlik duaları bizə nə demək istəyir?

Əgər Ramazan ayının gündəlik dualarına nəzər salsaq, həqiqi möminin necə həyat tərzi keçirməli olduğunu dərk etmiş olarıq. Belə ki, bu dualar bizə deyir ki, insan həyatı səy və çalışma ilə zəngin olmalıdır. Allaha təvəkkül etməli, Onun əmrlərinə təslim olmalıdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, dua - möminin silahıdır. Xaliq ilə məxluq arasında olan rabitələri formalaşdırar. Duanı, ən aşağı mənəvi dərəcədə olan insandan tutmuş, ali mənəvi dərəcəyə çatan hər bir insan edər. Dua - bəndənin Allahla etdiyi münacat və dərdləşməkdir. Öz ehtiyaclarını bölüşüb, sirlərini əmanət etdiyin kəsə etimad etməkdir.

"Səhifeyi-səccadiyyə" kitabı bizə Allahla necə dua edəcəyimizin yollarını öyrədir və bizə nümunələr verir. Belə ki, Həzrət Səccad (ə) duaların birində buyurur: "Allahım! Allahım, tövfiq ver öz valideynlərim üçün bu işləri görüm". Yəni, bizə öyrədir ki, hətta valideyn münasibətilə bağlı mövzularda belə, Allahdan tofiqat istəmək lazımdır.

Ramazan ayı - elə bir aydır ki, bu ayda dualar qəbul olar. Ona görə də bu ayda ancaq özümüz üçün deyil, başqaları üçün də dua etməyi unutmamalıyıq. Cəmiyyətimizin islah olmasını, insanlar üçün xeyirli nemətlər istəməliyik.

O zaman ki, Həmmam İmam Əlidən (ə) istəyir ki, təvqa əhlini onun üçün təsvir etsin, Həzrət Əli (ə) demir ki, təqva əhli ancaq abidlərdirlər, o, buyurur: "Həm təqvaya malik ol və həm də ehsan et!". Yəni, təqva əhli o kəsdir ki, özü kimilərinə yardım və ehsan etməlidir. Əks halda onu müttəqinlərdən hesab etmək olmaz.