Ramin Quluzadə: Avropa İttifaqı tərəfindən dəstəyə zərurət var


Digərləri 05 İyn 2018 18:01:00 281 0

Ramin Quluzadə: Avropa İttifaqı tərəfindən dəstəyə zərurət var

III Azərbaycan-Avropa İttifaqı biznes-forumunda İKT, elektron ticarət, nəqliyyat və logistika məsələləri müzakirə olunub

Bakı. Nəqliyyatda təhlükəsizlik məsələləri də daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələrinin mövcud nəqliyyat imkanlarının qiymətləndirilməsi və prioritet layihələrin müəyyən olunması ilə bağlı təhlillərin aparılması və təkliflərin hazırlanmasında Avropa İttifaqı tərəfindən dəstək göstərilməsinə zərurət var. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu bu gün Bakıda 3-cü Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes-forumunda nazir Ramin Quluzadə deyib. Qeyd edək ki, forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, eləcə də Azərbaycan və Avropa İttifaqına daxil olan ölkələrdən iş adamları iştirak edib. Biznes-forumun məqsədi Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə biznes dairələrinin məlumatlandırılması, Azərbaycan və Avropa İttifaqı iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunması olub. Forumda kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, İKT və elektron ticarət, iqtisadi islahatlar, ətraf mühit texnologiyalarına dair panel iclaslar və iş adamları arasında ikitərəfli görüşlər keçirilib. Biznes-forumun nəqliyyat və logistika panelində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, İKT və elektron ticarət panelində isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iştirak edib. Nəqliyyat və logistika panelində çıxış edən nazir Ramin Quluzadə bildirib ki, respublikamızda etibarlı, sürətli və təhlükəsiz nəqliyyat sisteminin yaradılması və ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədilə infrastrukturun yenilənməsi, multi-modal logistika sistemlərinin təkmilləşdirilməsinə böyük önəm verilir.