Müəllimlərin onlayn yerdəyişməsi başlayır VİDEO FOTO


Digərləri 05 İyn 2018 13:43:00 360 0

Müəllimlərin onlayn yerdəyişməsi başlayır  VİDEO  FOTO

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdiriləcək.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, müəllimlərin yerdəyişməsi iyunun 11-dək onlayn aparılacaq və namizədlər qeydiyyatdan keçdikdən sonra onlara müvafiq iş nömrəsi və parol təqdim olunur. Şəxsi səhifəyə daxil olan hər bir namizəd hazırda işlədiyi ümumi təhsil müəssisəsini seçir, iş yerini dəyişməsinin səbəbini, müvafiq sosial amilləri qeyd edir və təsdiqedici sənədləri yükləyir. Hər bir namizədin 4 vakant yeri seçmək imkanı var. Yerdəyişmə mərhələsinə 6 minə yaxın vakansiya çıxarılıb və bu, bütün ixtisasları əhatə edir. Eşqi Bağırov - Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini: "Yerdəyişmədə yalnız daimi əsaslarla ümumtəhsil müəssisələrində çalışan müəllimlər iştirak edə biləcək. Onlar yerdəyişmə mərhələsində əvvəlki illərdə iştirak etdikləri qiymətləndirmə və yaxud işə qəbul üzrə nəticələrlə qatıla bilərlər". Prosesin reallaşdırılmasında hərbçi və şəhid ailələrinin üzvlərinə güzəştlərin tətbiqi də nəzərdə tutulub. Eşqi Bağırov - Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini: "Bu kateqoriyaya aid müəllimlərimizin qiymətləndirilmədə və yaxud işə qəbul mərhələsində topladıqları ballar artım əmsalına vurularaq hesablanacaq. Yəni, 1,1-ə vurulacaq. Eyni zamanda faktiki yaşadığı və qeydiyyatda olduğu həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə iş yerini dəyişdirmək istəyən namizədlərə də 1,05 əmsalı tətbiq ediləcək". Vakant yerləri əldə etməkdə ən yüksək bal toplayanın şansı daha çoxdur. Namizədlər arasında diaqnosik qiymətləndirmədə və ya işə qəbul müsabiqəsində ən yüksək bal toplayanların vakant yerləri əldə etmək şansı daha çoxdur. Ekspertlərin sözlərinə görə, prosesin mərkəzləşdirilmiş qaydada keçirilməsi bir çox neqativ halın qarşısını alır. Kamran Əsədov - Ekspert: "Kütləvi şəkildə rayonlarda yerləşən məktəblərdən, kənd məktəblərindən, ucqar məktəblərdən mərkəzdəkilərə müraciətlər çoxalır. Bu faktor onu göstərir ki, gələcəkdə ucqar rayon, kəndlərdə müəllim qıtlığı prosesi başlaya bilər". Ekspertlər yerdəyişmə edən müəllimləri diqqətli olmağa çağırır. Bəzi məktəb direktorlarının və ya özünü bu prosesdə səlahiyyətli şəxs kimi təqdim edən insanların "yerdəyişməylə bağlı təsir gücünə maliklik sözlərinə" inanmayın. Bu prosesə müdaxilə mümkün deyil.


Xəbərə aid fotolar