Azərbaycanda orqan transplantasiyasının yeni şərtləri müəyyən edilir


Digərləri 05 İyn 2018 12:59:56 273 0

Azərbaycanda orqan transplantasiyasının yeni şərtləri müəyyən edilir

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası" haqqında qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, dəyişikliklər barədə məlumat verən komitə sədri Əhliman Əmiraslanov bildirib ki, qanunun adı dəyişdirilıərək belə verilir: "İnsan orqan və (və ya) toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun.

Qanunun 12-ci (Canlı donordan orqan və (və ya) toxumaların götürülməsi şərtləri) maddəsinə edilən dəyişikliyə əsasən, digər tibbi üsullarla və meyit orqan və (və ya) toxumaları vasitəsilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan orqan və (və ya) toxumaların transplantasiyasına yol verilir.

Canlı donordan orqan və (və ya) toxumaların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:

- Canlı donor resipiyentin qohumu olmalıdır, qohumluq əlaqəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır,

- Canlı donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır,

- Canlı donor kənar təsirlər olmadan orqan və (və ya) toxumaların götürülməsinə yazılı razılığını bildirməlidir,

- Canlı donorun hərtərəfli tibbi müayinədən keçməsi və mütəxəssis-həkimlər tərəfindən ondan orqan və (və ya) toxumaların götürülməsinin mümkünlüyü barədə rəy olmalıdır,

- Canlı donor resipientin həyat yoldaşı olduğu halda ən azı 1 il rəsmi nikahda olmuş olmalıdır, orqan və (və ya) toxumalarının götürülməsi nəzərdə tutulan donorun resipiyentlə tibbi uyqunluğu müəyyən olunmalıdır.

Qanuna əlavə edilən 11-1 (Ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi) maddəsinə əsasən, ölü donorun və hissələrinin transplantasiya, tədris və elmi məqsədlərlə xarici ölkələrdən gətirilməsi və ya xaricə göndərilməsi müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Əlavə edilən 12-1 (Etika Komissiyası) maddəsində qeyd olunur ki, qohum olmayan canlı donorlardan orqanın alına bilməsi ilə əlaqədar etik və hüquqi məsələlərin araşdırılması və müvafiq qərar verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı nəzdində ictimai əsaslarla etika komissiyası yaradılır. Komissiya tərkibində psixoloq və hüquqşünas daxil olmaqla 5 nəfərdən təşkil edilir.

Etika komissiyası donorun şəxsiyyətini, könüllülüyünü və bu qanunun V maddəsinin uyğunluğunu araşdıraraq şəxsin donor olub-olmaması barədə müvafiq qərar qəbul edir.