Son üç gündə Bakıda və Abşeronda biri uşaq olmaqla 6 nəfəri avtomobil vurub


Sosial 05 İyn 2018 08:47:55 295 0

Son üç gündə Bakıda və Abşeronda biri uşaq olmaqla 6 nəfəri avtomobil vurub

Hadisələrin əksəriyyəti gecə saatlarında baş verib

Son üç gün ərzində 1-i uşaq olmaqla 6 nəfəri avtomobil vurub.

"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisələri iyunun 2-dən bu günə kimi Abşeronda və paytaxtın Xətai, Nərimanov, Sabunçu və Xəzər rayonlarında qeydə alınıb.

İyunun 2-si gecə saatlarında Mərdəkan qəsəbəsində yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Qasımova Gülşəni avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Eyni gündə Zabrat qəsəbəsində 1966-ci il təvəllüdlü Əhmədova Arzu Ağaqulu qızı yolu keçmək istəyərkən "VAZ-2107" markalı maşın tərəfindən vurulub. Nəticədə yaralı ağır xəsarət alıb və 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Başqa bir piyadavurma hadisəsi iyunun 3-də Əhməd Rəcəbli küçəsində olub. 1997-ci il təvəllüdlü Müqqədəni Tamila Ruslan qızı eyni səbəblə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İyunun 4-də analoji hadisə Nobel prospektində baş verib. Bu dəfə 30 yaşlı Seyidov Rəşad Vasif oğlunu minik avtomobili vurub. Yaralı 3 saylı Tibbi Mərkəzə yerləşdirilib.

Həmin gün Nərimanov rayonunun O.Kərimov küçəsində də piyadavurma hadisəsi baş verib. Yaşadığı evin həyətyanı sahəsində 2013-cü il təvəllüdlü Kərimov İbrahim Xanbala oğlunu arxaya doğru hərəkət edən nəqliyyat vasitəsi vurub. Uşaq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Eyni gündə başqa bir hadisə isə Qobu qəsəbəsi, Səməd Vurğun küçəsində qeydə alınıb. Bu dəfə yol kənarında dayanan 1991-ci il təvəllüdlü Kərimov Elman Vitislav oğlunu maşın vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Hər bir faktla bağlı hüquq-mühafizə orqanlarında müvafiq araşdırmalar aparılır.