Xiaomi Mi 8, Mi Band 3 və MIUI 10 yenilənməsi təqdim olundular


Digərləri 05 İyn 2018 08:05:00 335 0

Xiaomi Mi 8, Mi Band 3 və MIUI 10 yenilənməsi təqdim olundular

Çində çoxdan gözlənilən Xiaomi Mi 8 flaqman modelinin 3 versiyasının, Mi Band 3 fitnes qolbağının və MIUI 10sistem interfeysinin təqdimatı baş tutdu. İndi isə növbə ilə sizlərə hər bir təqdim olunmuş məhsul barəsində ətraflı məlumat verək. Təqdim olunmuş yeni Xiaomi Mi 8 keçən ilki modeldən fərqli olaraq bir xeyli dəyişikliklərə məruz qalıb. Bundan əlavə olaraq təqdimat zamanı həmçinin flaqman modelin daha sadələşdirilmiş versiyası Xiaomi Mi 8 SE də təqdim olunub və o, yeni Snapdragon 710 platforması əsasında çalışır. Təqdimata kimi tam dəqiq məlum deyildi ki, smartfonun xarici görünüşü necə olacaq. Lakin Xiaomi şirkəti bu dəfə də öz rəqiblərinin yolu ilə gedib.

Son.az technote.az-a istinadən bildirir ki, Xiaomi Mi 8 modeli də yeni trendə əsasən ekran üzərində çıxıntı hissəyə sahibdir. Lakin digər Android smartfonlardan fərqli olaraq Xiaomi şirkəti daha da irəli gedərək Apple kimi həmin çıxıntı hissəsinə istifadəçi üzünün dəqiq 3D skan texnologiyasını yerləşdirdi. Belə ki, çıxıntı hissəsində yerləşdirilmiş infraqırmızı ötürücü hesabına smartfon hətta qaranlıq mühitdə də öz istifadəçisinin üzünü təyin edə bilir. Çərçivəsiz dizayn sayəsində smartfonun bütün ön panelini 19:9 nisbətində 6.21 inç-lik 2280x1080 piksel keyfiyyətli ekran əhatə edir. Ekran AMOLED texnologiyası əsasında hazırlanıb. Lakin Xiaomi də digər Android istehsalçıları kimi smartfonun aşağı hissəsindəki çərçivədən tam olaraq qurtula bilmədi. Ekran üzərindəki çıxıntı hissəsini isə istənilən zaman ayarlara daxil olub xüsusi zolaq ilə gizlətmək olar.

Təqdimatdan öncə məlumatlar yayılmışdı ki, smartfonda barmaq izi skanı texnologiyası cihazın ekranına inteqrasiya olunacaq. Lakin görünür, bu fikirdən imtina edilib. Belə ki. smartfonun barmaq izi skanı texnologiyası onun arxa panelində yerləşir. Şirkətin yeni flaqman modeli adəti üzrə yüksək texniki özəlliklərə sahibdir. Beləliklə Mi 8 modeli 8 nüvəli Snapdragon 845 prosessoru, Adreno 630 qrafik sürətləndirici, 6 GB RAM, 64/128/256 GB daxili yaddaş, Quick Charge 4.0 sürətli enerji yığma özəllikli 3300 mAh enerji tutumlu batareya və USB Type-Cgirişi ilə təchiz olunub. Təqdimatın böyük bir hissəsi smartfonun kameralarına həsr olunmuşdu. Xiaomi Mi 8 12 MP (f/1.8 diafraqmalı) + 12 MP (f/2.4 diafraqmalı) ikili arxa kamera ilə təchiz olunub.

Arxa kameralar sürətli faza avtofokusu və təsvirin dördoxlu optik stabilizasiyası özəlliklərini dəstəkləyirlər. Şirkət həmçinin foto çəkimləri üçün süni zəka texnologiyasından da istifadə edib. Foto çəkilişi zamanı smartfon süni zəkadan istifadə edərək avtomatik şəkildə səhnələri analiz edir və hər bir kadr üçün optimal çəkiliş rejimini təqdim edir. Smartfon həmçinin f/2.0 diafraqmalı 20 MP-lik ön kameraya da sahibdir. DxOMark nüfuzlu saytı smartfonun kameralarına 99 xal verib. Foto çəkilişi üzrə reytinqdə isə bu nüfuzlu sayt kameralara 105 xal verib. Müqayisə üçün qeyd etmək lazımdır ki, vaxtı ikən iPhone X bu saytdan 97 və 101 xal əldə etmişdi. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 421$, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 468$, 6 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya isə 515$ qiymətinə satılacaq.

Adi Mi 8 modelindən əlavə olaraq smartfonun qeyri-adi dizayna sahib xüsusi modelini də təqdim ediblər. O, Xiaomi Mi 8 Exploration Edition adlanır. Sözügedən modelin arxa paneli şəffaf qapaqdan ibarətdir. Bunun sayəsində istifadəçi smartfonun daxili komponentlərini görə bilər. Bu modeli adi versiyadan fərqləndirən əsas özəllik isə ondan ibarətdir ki, Exploration Edition istifadəçi üzünün daha dəqiq 3D skan texnologiyasına və ekrana inteqrasiya olunmuş barmaq izi skanına sahibdir. Bununla yanaşı Mi 8 Exploration Edition modeli 8 GB RAM ilə təchiz olunub. Smartfon 8 GB RAM və 128 GB daxili yaddaş versiyasında satılacaq. Çində onun qiyməti 577$ təşkil edəcək.

Əvvəldə də dediyimiz kimi şirkət təqdimat zamanı flaqman modelin daha sadələşdirilmiş versiyası olan Mi 8 SE modelini də təqdim edib. Sadələşdirilmiş model eyni dizaynda hazırlansa da daha iti uclara sahibdir. Smartfon 2244x1080 piksel keyfiyyətli 5.88 inç AMOLED ekran, yeni 8 nüvəli Snapdragon 710 prosessoru, 4/6 GB RAM, 64 GB daxili yaddaş, 12 MP + 5 MP ikili arxa kamera, 20 MP-lik ön kamera və 3120 mAh enerji tutumlu batareya ilə təchiz olunub. 4 GB RAM-a sahib versiya 280$, 6 GB RAM-a sahib versiya isə 312$qiymətinə satılacaq.

Mi 8 modellərinin təqdimatından sonra şirkət çoxdan gözlənilən Mi Band 3 fitnes qolbağının təqdimatını da keçirdib. Mi Band 3 aşağı qiymət göstəricisini özündə saxlayaraq əvvəlki modellərdən fərqli olaraq bir sıra yeni özəlliklər ilə təchiz olunub. Beləliklə Mi Band 3 ikinci nəsil qolbağın tanınan dizaynını özündə saxlayıb. Əsasən qolbaq özündə böyük dairəvi düyməni qoruyub saxlayıb və onun dizaynı kiçik kapsula şəklində hazırlanıb.