İnsanın böyük beynində genlər araşdırılır


Digərləri 04 İyn 2018 22:58:00 279 0

İnsanın böyük beynində genlər araşdırılır

Alimlər insanın təkamül prosesində mühüm rol oynayan üç geni aşkar ediblər. Bu genlər beyin yarımkürəsinin böyüməsi və qavrama qabiliyyətinin artmasını, son nəticədə isə şüurlu insanın formalaşmasını şərtləndirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Cell" elmi jurnalında dərc olunmuş məqalədə bu genlərin 3-4 milyon il əvvəl yaşamış insanlarda, habelə meymunlarda olduğu müəyyən edilib. O dövrə aid daşlaşmış kəllə sümükləri üzərində aparılmış tədqiqat şimpanze, qorilla və oranqutanqların da beyin yarımkürəsinin genişlənmə prosesindən keçdiyini sübut edir. Lakin meymunda olmayan, yalnız insan beynində mövcud olan NOTCH2NL genlərinin aktiv olması şüurlu insanın meydana gəlməsinə səbəb olub.

Genetiklər müəyyən ediblər ki, NOTCH2NL genləri beyin qabığındakı neyron hüceyrələrində yerləşir və idrak, dil, yaddaş, məntiq və şüuru idarə edirlər. Belçikanın Brüssel Universitetinin professoru, neyrobioloq Pyer Vanderhaeqen qeyd edib ki, məhz onların sayəsində insan uzun təkamül prosesini keçərək bugünkü sosial varlıq səviyyəsinə yüksəlib. Onun sözlərinə görə, məhz NOTCH2NL genləri insanın meymundan fərqli və məməlilərin tamamilə orijinal növü olduğunu bir daha sübut edir.