Azərbaycanın indiyədək aldığı və almaq istədiyi silahlar


Digərləri 04 İyn 2018 19:48:00 310 0

Azərbaycanın indiyədək aldığı və almaq istədiyi silahlar

"Aprel döyüşlərində "Spike" ilə düşmənin 30-dan artıq texnikası vurulmuşdu"

Son.az hərbi ekspert Rəşad Süleymanovun azvision.az-a müsahibəsini təqdim edir:

- Atəşkəs imzalanan dövrdən sonra Azərbaycan Ordusunun silahlanmasından başlayaq. Azərbaycan hansı ölkələrdən silah almağa başladı və bu proses necə davam edir?

- Atəşkəs imzalanan dövrdən sonra Azərbaycan ordunun silah və texnika parkını yeniləməyə başladı. Çünki 1991-1994-cü illərdə davam etmiş hərbi əməliyyatlarda zirehli texnika, artilleriya və aviasiya vasitələrimiz döyüşlərdə istifadə olunmuş, itkilər nəticəsində texnika parkımız zəifləmişdi. Atəşkəsdən dərhal sonra - 1995-ci ildən Azərbaycan hərbi texnikaların alınmasına başladı və bu sahədə Azərbaycanın ilk tərəfdaşı Ukrayna oldu. Ukraynadan tanklar, aviasiya vasitələri, silahlar, "hava-hava", "hava-yer" raketləri, idarə olunmayan aviasiya bombaları alındı. Bundan sonra, mühüm satınalmalardan biri 1998-ci ildə Qazaxıstandan 8 ədəd MİQ-25 tipli döyüş təyyarələrinin alınması oldu. Beləcə, 2000-ci ilə qədər Azərbaycan silahlanmadakı boşlquları qismən bərpa etdi. Neft gəlirlərinin ölkəyə daxil olması ilə Silahlı Qüvvələrin inkişafının növbəti mərhələsi başladı. 

BMT-nin Adi Silahlar Registrində yer alan məlumatlara görə, 2003-2011-ci illərdə Ukraynadan 12 ədəd "Smerç" yaylım atəşli reaktiv sistem, eləcə də D-30 topları, MT-12 tank əleyhinə toplar, PM-38 iriçaplı minaatanlar, 40-dan artıq T-72 tankı, "Qvozdika", "Akasiya" tipli özüyeriyən haubitsalar, radarlar əldə edilib. Bunlar da ordunun raket-artilleriya parkının modernləşməsinə kömək etdi. 2011-ci ilə qədər hərbi-texniki sahədə əsas tərəfdaşımız olan Ukraynadan qeyd olunandan əlavə, 12 ədəd L-39 təlim-döyüş təyyarəsi, 16 ədəd MİQ-29 döyüş təyyarəsi də alınıb. MİQ-29 təyyarələri bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin əsas zərbə gücünü təşkil edir. Ukraynadan habelə BTR-70, BTR-80, BTR3-E zirehli transportyorlar, BTS-5B zirehli texniki dəstək maşınları alınıb. Təxminən həmin dövrdə Ukraynadan satınalmaların həcmi 2 milyard dollar civarında olub. Lakin 2011-2012-ci illərdə Azərbaycan və Ukrayna arasında silah krizi yaşandı. O zaman Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının hərbi kəşfiyyat idarəsinin rəisinin imzası ilə hökumətə təqdim edilən məktub ortaya çıxdı. Orada Ermənistana silah və hərbi texnikanın tədarükünün həyata keçirilməsi əksini tapmışdı. Bununla da silah alqı-satqısında durğunluq yaşandı. Azərbaycan ənənəvi tərəfdaşından imtina etdi. 2003-cü ildə Azərbaycan və Rusiya arasında da ölkələrarası hərbi-texniki əməkdaşlığa dair saziş imzalandı. 

Qeyd etmək istərdim ki, Rusiya müstəqilliyin ilk illərindən 2003-cü ilə qədər Azərbaycana silah və hərbi texnikanın satışına embarqo tətbiq etmişdi. Amma 1996-cı ildə Ermənistana o dövrün məzənnəsi ilə 1 milyard dollara yaxın silah, artilleriya vasitələri, hərbi texnika, o cümlədə "Scud" ballistik raketlərini verib. 2005-ci ildən başlayaraq Rusiya Azərbaycana silah və texnika satışına başladı. Səhv etmirəmsə, 2005-ci ildə Azərbaycan Rusiyadan 24 ədəd 2S-9 "Nona" özüyeriyən minaatanı, ardınca 62 ədəd T-72 tankı aldı. 2009-cu ildən Rusiya ilə böyük müqavilələr imzalandı. S-300 PMU2 "Favorit" zenit-raket komplekslərinin 2 divizionun alınması, ardınca 70-dən artıq helikopterin alınması, 60 ədəd Mi-17 hərbi nəqliyyat və 24 ədəd Mi-35M zərbə helikopteri alınması baş tutdu. Bu həmin dövrdə Rusiya aviasiya şirkətlərinin xaricə ən böyük ixracat layihələrindən biri idi. Sonrakı dövrdə 100 ədəd T-90S, 100 ədəd BMP-3 piyada döyüş maşını, 18 ədəd "Vena" özüyeriyən minaatan, 18 ədəd MSTA-S özüyeriyən haubitsa, mühəndis-istehkam maşınları, özüyeriyən körpülər, mühəndis-istehkam maşınları, çox sayda BTR-82A zirehli transportyorunun və TOS-1A ağır odsaçan artilleriya sisteminin alınması gerçəkləşdirildi. Rəsmi səviyyədə açıqlanan məlumata görə, Azərbaycan və Rusiya arasında silah ticarətinin, daha doğrusu Rusiyadan satınalmaların həcmi 5 milyard dollar təşkil edib. Azərbaycanın silahlanmasında Rusiya şəriksiz liderdir. Artilleriya vasitələrimizdən tanklara qədər, eləcə də döyüş sursatları, aviasiya vasitələri Rusiyadan alınıb.

Azərbaycan İsrail əlaqələri də 2000-ci illərin əvvəlindən başlayıb. Yaranan hərbi əlaqələrdə Azərbaycan İsraildən müxtəlif reaktiv atəş sistemləri, tank əleyhinə raket kompleksləri, pilotsuz uçuş aparatları, rabitə və optik vasitələr, atıcı silahlar, gəmilər aldı. Bunlara "Lynx LAR-160" YARS kompleksini, "Extra" uzaqmənzilli raket komplekslərini, "Cardom" və "Spear Mk.2" minaatanları, "Tavor TAR-21" avtomatlarını, "Negev" pulemyotlarını, müxtəlif markalı PUA-ları, "Shaldag" və "Saar-62" gəmiləri və s. məhsulları misal göstərmək olar. 2008-ci ildə Azərbaycan və İsrailin "Elbit Systems" şirkəti arasında T-72 tanklarının SİM-1 "Aslan" səviyyəsinə yüksəldilməsinə dair ilk kontrakt imzalandı. Bu gün həmin modernizasiya nəticəsində bizim tanklarımızda xeyli üstünlüklər var. Aprel döyüşlərində ermənilər elə bilirdilər ki, Azərbaycan T-90 tanklarından istifadə edib. Amma istifadə edilənlər T-72 tankları idi. İlk illərdə Azərbaycan İsraildən "Aerostar" taktik və "Orbiter-2" tipli mini pilotsuz uçuş aparatları almışdı. 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyi ilə İsrail şirkəti arasında birgə müəssisə yaradıldı. Bu gün orada "Aerostar", "Orbiter-2", "Orbiter-3", "Orbiter-4" və "Zərbə" tipli pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir. 

Bu günlərdə ölkə başçısının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə bölmələrinə səfəri zamanı İsraildən yeni alınmış bir sıra sistemlər də nümayiş olundu. Dövlət Sərhəd Xidməti "Hermes-900" pilotsuz uçuş aparatını və "Harop" zərbə PUA-nı ilk dəfə əyani formada nümayiş etdirdi. Eləcə də maşınların üzərində İsrailin istehsalı olan elektro-optik müşahidə sistemləri var idi. Bu müşahidə sistemləri 30 kilometr radius ərazidə gecə-gündüz, istənilən hava şəraitində müşahidə aparmağa imkan verir. 

Qeyd edim ki, həmin elektrooptik müşahidə sistemindən biri Amerika Birləşmiş Ştatları Ordusunun silahlanmasında, bir də Azərbaycanda var. Nümayiş etdirilən "Hermes-900" aparatının üzərində geniş sahə müşahidə sistemi mövcuddur. Bu sistem 40 kvadrat kilometr ərazini, eyni zamanda 100-dən artıq hədəfi müşahidə etməyə imkan verir. Bu, o deməkdir ki, texnika havaya qalxdığı zaman düşmənin 100-dən artıq texnikasını və ya canlı qüvvəsini müşahidə edə bilərsən. Bu sistem uçduğu ərazidə düşmənin radarlarına qarşı tədbirlər həyata keçirməyi də bacarır. "Harop"lara gəlincə, Azərbaycan Ordusu tərəfindən 2016-cı ilin aprel döyüşlərində istifadə olunub. Bu, "Harop"un ilk döyüş tətbiqi idi və nəticəsi çox effektiv oldu. Həmçinin "Spike" TƏİR-lərini nümunə göstərmək olar. Aprel döyüşlərində "Spike" ilə düşmənin 30-dan artıq texnikası vurulmuşdu. Bu gün İsrail dünyada müasir hərbi texnologiyalara malikdir. Azərbaycanın İsraildən əldə etdiyi elə texnikalar var ki, Cənubi-Şərqi Avropada, MDB ölkələrinin bir çox dövlətləri istəyər ki, onları öz silahlanmasında görsün. Onlar həm bahalı, həm də çox dəqiqdirlər. Onlar döyüşün taleyin həll edə bilir. Elə dediyimiz "Harop" və "Spike" buna sübutdur. Onlar görünməyən hədəfi belə vurmağa qadirdilər. 

Aprel döyüşləri 5-ci nəsil texnologiya ilə 3-cü nəsil texnologiya arasında bir döyüş oldu. Biz bu sahədə önə çıxdıq. Nə qədər insan amili rol oynasa da döyüşlərdə, texnologiyanın yeniliyi də qaçılmazdır. Azərbaycanın əsas hərbi-texniki tərəfdaşlarından biri də Türkiyədir. Türkiyə Azərbaycana müstəqilliyin ilk illərindən hərbi dəstək göstərib. Bu gün ordumuzda Türkiyə istehsalı olan həm rabitə avadanlıqları, həm də elektrooptik sistemlər istifadə olunur. Cəbhə xəttində "Aselsan" şirktinin "Şahingözü" elektrooptik sistemlərindən istifadə edilir. Bu, böyük bir sahəni gündüz-gecə müşahidə etməyə imkan verir. Ordumuzun təminat və təchizatında Türkiyə məhsullarına üstünlük verilir. Əsgər çəkməsindən tutmuş raket sistemlərinin tədarükünə qədər demək olar. "Roketsan" şirkətinin istehsalı olan T-122 Sakarya, "T-300 Qasırğa" sistemləri, bu sistemin idarəolunan raketlərinin Türkiyə Silahlı Qüvvələrindən sonra ilk xarici alıcısı Azərbaycan oldu. Naxçıvanda ötən il keçirilən paradda nümayiş olundu. Bu sistem 130 kilometr hədəfi vura bilir. Həmçinin Cənubi-Afrika və Pakistanla da hərbi əməkdaşlıq var və inkişaf edir. 

- Bəzən belə sual olur ki, Azərbaycan nə üçün Qərbi Avropadan, NATO standartlarına uyğun silahlar deyil, Şərq ölkələrindən silahlar alır?

- Çünki Avropa ölkələri Azərbaycana rəsmi və qeyri-rəsmi səviyyədə embarqo tətbiq ediblər. ABŞ 907-ci düzəlişlə embarqo tətbiq edir və silah satmır. İngiltərə, Almaniya, Belçika, Fransa kimi ölkələr də embarqo tətbiq ediblər, yazılı tələb edəndə isə bunu göstərə bilmirlər. Belə desək, süni maneə yaradırlar. Lakin, Fransanın, İngiltərənin, Almaniyanın müəyyən hərbi təyinatlı məhsulları Ermənistan ordusunun silahlanmasında var. Bu necə ola bilər?. Bu ölkələrə məxsus snayper silahları rastımıza çıxdı. Ermənistan ordusunda həm Fransa istehsalı olan "Milan" tank əleyhinə raket kompleksləri, həm də Almaniya istehsalı olan optik cihazlar var. Buradan da görünür ki, Azərbaycana ikili yanaşma mövcuddur. Lakin Mərkəzi və Şərqi Avropanın bir çox ölkələri ilə hərbi-texniki əməkdaşlığımız mövcuddur. Çexiya, Slovakiya, Serbiya, Ruminya, Bolqarıstan kimi ölkələrlə yaxşı əməkdaşlığımız var. İtaliya ilə də əlaqələr qurulmağa başlayıb. İtaliyanın məşhur "Leonardo" korporasiyası Azərbaycanla da müəyyən layihələrə imza atıb. Düşünürəm ki, yaxın vaxtlarda "Leonardo"nun istehsalı olan "M-346" təyyarələrini aviasiya parkımızda görəcəyik. Eləcə də bu sözü İtaliya istehsalı olan digər avadanlıqlar barədə demək olar. Bolqarıstanla münasibət son illər yüksələn xətt üzrə gedir. Bolqarıstanın Azərbaycan Silahlı Qüvvələrinin tədarükündə müəyyən dərəcədə yer ala biləcəyini yaxın zamanlarda görəcəyik. Çünki Bolqarıstanın bizə olan münasibəti yaxşıdır. Həmçinin bu ölkə özünün hərbi-sənaye kompleksini yeniləməyə çalışır. Hansı ki, ehtiyac duyduğumuz müəyyən şeylər var ki, oradan ala bilərik. Qoruyucu gödəkçə, müəyyən döyüş sursatlarını əldə edə bilərik. NATO üzvü olan Kanada da artıq Azərbaycana müəyyən silah və texnika satır. Həmçinin bu gün güc orqanlarının istifadəsində Kanada istehsalı olan maşınlar görə bilərik. Amma Qərbi Avropa ölkələrinin əksəriyyətində dediyimiz kimi süni maneələr var. Onlar ehtiyat edirlər ki, Azərbaycan həmin silahların üzünü erməniyə çevirəcək. Azərbaycan torpaqları işğlan olunub və ələbəttə, bu silahlar düşmənə qarşı alınır.

-Bu yaxınlarda müdafiə naziri Zakir Həsənov Çinə səfər etdi. Necə düşünürüsüz, ölkəmizin arsenalını gücləndirmək üçün Çindən hansı silahlar alına bilər?

- Azərbaycana açıq şəkildə üz tutan dövlətlərdən biri də Çindir. Çinin məşhur CETC İnternational şirkəti bu gün Azərbaycan bazarına çıxmaq üçün aktiv işlər aparır. "ADEX-2016" sərgisində söhbət etdiyimiz CETC nümayəndələri Azərbaycana REM sistemləri ilə bağlı təkliflər verildiyini bildirmişdilər. Onlar bizə traposfer səviyyəsində müşahidə aparmağa imkan verən radar sistemini təklif etmişdilər. Bu da ballistik raketlərə qarşı müdafiə qalxanı yaratmağa imkan verir. Hansı ki, bu gün Ermənistanın əlində "Scud" ballistik raketləri var və onlar bununla Azərbaycanı təhdid edirlər. Bu baxımdan həmin sistem uğurlu ola bilər. Çinin özü də bu radarlardan istifadə edir. Eləcə də Türkmənistana da bu sistemdən satıb. Çindən radio elektron mübarizə sistemləri, artilleriya və dəniz texnologiyaları alına bilər. Çinin hərbi sənayeyə yanaşması fərqlidir. Çin şirkətləri həmçinin barter yolu ilə məhsul satışının tərəfdarı olduqlarını deyirlər. Məsələn, təklif edirlər ki, bu işi görə bilərik və əvəzində xam neft, qaz ala bilərlər. Türkmənistan Çinlə hərbi məhsulların alqı-satqısında bu üsuldan istifadə edir. Digər tərəfdən, düşünürəm ki, hərbi-texniki sferada əməkdaşlığı gücləndirməklə, Azərbaycan Çinin Ermənistanla əlaqələrinə də müəyyən təsir göstərə bilər. Çin 1999-2000-ci illərdə Ermənistana WM-80 yaylım atəşli reaktiv sistem satmışdı. Bu sistem 80-90 kilometr məsafəyə malikdir. Ermənistan müdafiə nazirinin Çinə sonuncu səfərində belə bir söhbətlər ortaya çıxdı ki, onlardan "Red Arrow" ("Qırmızı Ox") deyilən tank əleyhinə raket kompleksləri satın almaq niyyətindədirlər. Bu, "Spike" raketlərinin Çin versiyası, daha doğrusu klonudur. Azərbaycan Çinlə əməkdaşlığı gücləndirməklə Pekini Ermənistandan uzaqlaşdıra bilər.

- Ermənistan Çin daxil olmaqla, xaricdən bu satınalmaları hansı maliyyə hesabına həyata keçirir?

-Bunlar kiçik satınalmalardır. Məsələn, deyək snayepr tüfəngləri alırlar və onun da qiyməti 7-10 min dollar arasında dəyişir. Müəyyən optik cihazlar alırlar. Bu, ola bilər ki, diaspora xətti ilə Ermənistana tədarük edilsin. Təəssüflər olsun ki, bizim diaspora nümayəndələri hərbi hissələrə səfərə gedəndə ehtiyac duyulan məhsullar yerinə ərzaqlar alırlar. Hansı ki, ordunun buna ehtiyacı yoxdur. Ordunun ərzaq təminatı ən yüksək səviyyədədir. Ən hündür cəbhə nöqtələrində belə qidalanma yüksək səviyyədədir. Əsgərin bildiyimiz kimi normativi var və ona uyğun qidalanır. Ordunun digər təminatı da yüksək səviyyədə həyata keçirilir. Amma elə şeylər var ki, onun ehtiyatlarını yüksək səviyyədə təmin etmək olar. Ermənistanda isə xaricdəki diaspor ordu üçün kənardan müəyyən məhsullar alıb təchiz edir. Xüsusilə də, Qərbi Avropa və Amerikadan. Aprel döyüşlərindən sonra ermənilər Gürcüstandan Qarabağa xeyli gecəgörmə cihazları, qartəmizləmə avadanlıqları göndərdilər. Bundan başqa diaspora pulu ilə nə qədər cihazlar alındı. Həmçinin seysmik sensorlar aldılar. Onu müəyyən ərazilərə basdırırlar, o cihaz gələnin insan və yaxud heyvan olduğunu təyin edir. Bunlar mahiyyətcə o qədər də böyük maliyyə tələb etməyən, amma önəmli sistemlərdir. Yenə qeyd etmək istərdim ki, ordumuzun hər bir təminatı yüksək səviyyədə yerinə yetirilir. Amma onlar üçün elə bir şeylər almaq olar ki, o daha çox lazımdır.

- Aprel döyüşlərindən 2 il ötdü. İstərdim Ordumuzun iki il öncə qazandığı bu uğurdan danışaq...

-Ermənilər aprel döyüşlərindən sonra silah və texnika parklarının yenilənməsi layihələrini ortaya çıxardılar. Bu layihələrin əksəriyyəti sözdə mövcuddur. Ermənistanın hərbi büdcəsinin kiçik olması, eləcə də digər ölkələrdən satınalma ilə bağlı onların "ağasının" qoyduğu məhdudiyyətlər var. Ermənistanda hərbi sərgi keçirildi. Orada qoyulan pilotsuz aparatlar və digərləri uşaq oyuncağından fərqli bir şey deyildi. Aprel döyüşlərində ermənilər uğursuzluqlarını sadalayanda bəyan etdilər ki, onların tanklarının əksəriyyətinin döyüş aparmasının mümkün olmadığı məlum olub. Statistik məlumatlar görə, aprel döyüşlərinə qədər Qarabağda sepratçı rejimin əlində 360 tank olub. Bu tankların 30-a yaxını apreldə məhv edildi. Ondan əvvəl də sıradan çıxanlar olub. Bizim mütəxəssislərlə birgə apardığımız analizə görə, onların tanklarının çoxunda istismar müddəti başa çatıb. Tankın əsaslı təmiri bu gün üçün 300-400 min dollar və daha çox vəsait tələb edir. Burada söhbət hələ yerli müəssisədə olan təmirdən gedir. Biz öz analizlərimizdə erməni tanklarının 90 faizinin döyüşə yarasız olduğunu müəyyənləşdirmişik. Ermənilərin öz orduları barədə yaratdıqları mif aprel döyüşlərinin ilk 40-45 dəqiqəsində darmadağın oldu. Talış kəndi istiqamətində ermənilər bizim tanka 2 "Faqot" raketi atmışdılar. Dinamik müdafiə tankı qorumuş, tank elə də ciddi olmayan zədələr almışdı. Amma Azərbaycan tərəfinin atdığı "Spike" raketlərinin hamısı hədəfi ekipaj qarışıq məhv etmişdi. Bunun görüntüləri də var. Həmçinin "Harop"un zərbələri də məlum idi. Bütün bunlarla yanaşı bu döyüş həm də, psixoloji üstünlüyü təmin etdi. Döyüşlərin ilk günündə Ermənistan tərəfi səfərbərlik elan etdi. Xankəndində toplanan gəncləri çəkib göstərirdilər. Səfərbərliyə cəlb olunanlar arasında gəncdən çox ailə üzvləri var idi. Bir adamın dalınca 4-5 nəfər gəlir. Həmin vaxtı Azərbaycanda da düşmənin nəzarətində olan işğal altındakı ərazilərimizdə polis postları qurulmuşdu. Separatçıların qurduğu hərbi postlar qaçan əhalini geri qaytarmağa çalışırdısa, bizdə hərbi postlar insanların cəbhəyə getməsinin qarşısını almaq üçün qurulmuşdu. Bizdə insanlar axın-axın döyüşmək üçün ön cəbhəyə üz tuturdular. Döyüşdən sonra cəbhə xəttinə səfərimiz oldu. Əsgərlər döyüşün davam etdirilməsini istəyirdilər.

- Təəssüf ki, bəzən belə fikirlər səsləndirilir ki, kiçik bir ərazi üçün döyüşdə bu qədər şəhid verdik...

- Vətən torpağının kiçiyi-böyüyü olmur. İkinci Dünya Müharibəsində Stalinqrad ətrafında ən qanlı döyüşlər gedib. Ən qanlı döyüşlər isə Mamay kurqanında olub. Lələtəpə prinsipcə Mamay kurqanından böyükdür. Mamay kurqanı yüksəkliyində Sovet Ordusunun 35 min hərbçisi həlak olub. Təsəvvür edin, bu nə deməkdir. O qədər də alman əsgəri. Türkiyədə, Çanaqqala savaşında bir balaca təpə uğrunda minlərcə insan şəhid olub. Vətən torpağının hər santimetri üçün yüzlərlə, minlərlə şəhid vermək olar. Yenə deyirəm, Vətənin hər qarışı bizim üçün əzizdir. Digər tərəfdən, itkisiz müharibə olmur. Azərbaycan Ordusu aprel döyüşlərində TOS-1A "Solntsepyok" ağır odaatanın Seysulanda istifadə etdi, hücum edən erməni veteranların heç külü də ələ gəlmədi. Erməni həkimlər etiraf edirdilər ki, indiyə kimi görmədikləri formada meyitlər və yaralılar gəlirmiş. İndiki müasir texnologiya fonunda canlı qüvvə itkilərinin çox olması təbiidir. Dünya yaranandan silahlar da generasiya edib. Daşdan, baltadan, qılıncdan başlayıb indiki dövrün ballistik raketlərinə qədər gəlib çatır. Amma insanın fizionomiyası dəyişməyib. İnsan daşla, bıçaqla, mərmi ilə də ölür. 

- Bəzi deputatlar tərəfindən peşəkar ordunun yaradılması ilə bağlı fikirlər səsləndirilir. Hazırki durumda tam olaraq peşəkar orduya keçmək olarmı?

-Müharibə şəraitində tam peşəkar ordunun olmasının tərəfdarı deyiləm. Burada Gürcüstan müharibəsini nümunə göstərə bilərəm. 2007-ci Gürcüstanda olmuşam. Bu ölkədə ordu tam peşəkarlaşmışdı və 30 mindən çox peşəkar hərbçi var idi. 2008-ci ildə döyüşlər başladı. Bir neçə gün davam edən müharibədə peşəkarlardan ibarət taborlarda döyüş itkilərinin yerini doldurmaq mürəkkəbləşirdi. Döyüşün hər uzanan saatı əlavə itkilər deməkdir. Yaralanıb döyüşdən çıxanın, həlak olanın yeri doldurulmalıdır. Müharibənin nə qədər çəkəcəyini isə bilmirsən. Bu gün Azərbaycanda müddətli həqiqi hərbi xidməti saxlamaqla ordunun peşəkarlaşdırılması gedir. Orduda bu proses 2007-2008-ci ildən başlayıb. General-polkovnik Zakir Həsənov müdafə naziri təyin olunduqdan sonra daha da sürətlənib. 

Onu da qeyd edim ki, peşəkar heyətə keçid ilk olaraq Dövlət Sərhəd Xidməti (DSX) və Daxili Qoşunlarda (DQ) getdi. Manqa komandirləri, hərbi texnikaların ekipajları MAXE-lər oldu. Hər iki qoşunda bu addım müsbət dəyişiklik yaratdı. Daha sonra Müdafiə Nazirliyində də bu addımlar atıldı. İlk olaraq sürücülər, daha sonra artilleriya, tank və BMP ekipajları, raket və artilleriya bölmələrində silah komandirləri, texnik və atıcılar MAXE-lər oldular. Bu gün ordumuzda peşəkarların sayı kifayət qədərdir. Amma bizə əsgər də lazımdır. 1990-cı illərin əvvəlində bununla bağlı ciddi problemimiz var idi. Bu gün hərbi xidmətdə olmuş əsgərin hər birinə silahı verib 5 dəqiqə izah etmək kifayətdir ki, onu döyüşə yollayasan. Döyüşdə də ən önəmlisi silahı tanımaqdır. Hesab edirəm ki, hazırkı şəraitdə müddətli həqiqi hərbi xidmətin qalması çox vacibdir. Döyüş fasiləsiz təminat istəyir.

- Peşəkarlardan söz düşmüşkən istərdim Xüsusi Təyinatlı Qüvvələrimizdən danışaq. Bu yaxınlarda Türkiyədə keçirilən "Efes-2018" təlimlərində də yüksək nəticə göstərdilər...