Nazir: İşgəncə faktına görə bir nəfər daxili işlər orqanlarından azad edilib


Digərləri 04 İyn 2018 19:15:00 237 0

Nazir: İşgəncə faktına görə bir nəfər daxili işlər orqanlarından azad edilib

Saxlanılan şəxslərə, o cümlədən yeniyetmələrə qarşı fiziki zorakılıqla bağlı faktla əlaqədar bir əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu nazir, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Nazir insan hüquqlarının təmin olunması işinin səmərəliyinin artırılmasına yönələn tövsiyələrin icrasına başlanıldığını xatırladıb və sənəddə əksini tapan digər məqamlara toxunub. Həmçinin saxlanılan şəxslərə, o cümlədən yeniyetmələrə qarşı fiziki zorakılıqla bağlı hesabatda göstərilən xüsusatlara aydınlıq gətirərək işgəncəyə məruz qalması güman edilən şəxslərlə bağlı aparılan araşdırmalar zamanı 11 faktdan yalnız 1-nin təsdiqləndiyini, bununla əlaqədar 1 əməkdaşın DİO-da xidmətdən xaric edildiyini və 7 əməkdaş barəsində ciddi intizam tədbirlərinin görüldüyünü bildirib.

Hesabatda qanunvericiliklə inzibati həbs müddətinin 90 günədək müəyyən olunmasının neqativ hal kimi qiymətləndirilməsilə bağlı qeyd olunub ki, ölkəmizdə cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı son illər mühüm hüquqi islahatlar həyata keçirilib.

Xüsusən, əvvəllər 500 manatadək maddi ziyanla nəticələnən oğurluğa görə iki ilədək, döymə cinayətinə görə isə altı ayadək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu halda, həmin əməllər dekriminallaşdırılaraq inzibati xəta kateqoriyasına keçirilib. Nəticədə qeyd edilən oğurluqlara görə üç ayadək, döyməyə görə iki ayadək inzibati həbs müəyyən edilib.