“Özü çox yaraşıqlıdır, amma içi çürükdür”


Şou-biznes 04 İyn 2018 18:36:00 276 0

“Özü çox yaraşıqlıdır, amma içi çürükdür”

Deyir ifalarında səmimi olsa da, həyatda həmişə səmimi olmur. Bu, heç mümkün də deyil... Onunla hər şeydən danışdıq - səhvlərindən tutmuş peşmanlıqlarına qədər... Laləni daha yaxından tanıyın.

Son.az əməkdar artist Lalə Məmmədovanın yenicag.az-a müsahibəsini təqdim edir.

- Bir dəfə demişdiniz ki, oxuduğunuz mahnılar taleyinizə təsir edir...

- Bəli, mən bunu dərk edəndən sonra artıq mahnılarıma ehtiyatla yanaşmağa başladım. Çalışıram ki, çox üzüntülü, ayrılıqlarla bağlı kədərli mahnılar oxumayım.

- Konkret hansı mahnıdan sonra bu təsir qüvvəsini hiss etdiniz?

- Bir mahnı deyil axı...

- Hansı hadisə baş verdi ki, bu qənaətə gəldiniz?

- Bir neçə hadisə baş verdi. Novruz Aslanının Sona Vəliyevanın sözlərinə bəstələdiyi "Yağış" mahnısı həqiqətən də taleyimdə yaşanmış bir hadisə idi. "Bu şəhər ikimizə dar", "Məktəb illəri", hansı birini deyim, istənilən mahnıdan bir parça həyatımda var. Bu danılmaz faktdır.

- İndi artıq taleyinizə müsbət təsir edən mahnıları seçirsiniz?

- Əlbəttə, buna tam nail olmaq mümkün deyil, amma ağır mövzulara daha baş qoşmuram. Mahnının sözlərinə artıq fikir verməyə başlayıram.

- Mistikaya inanırsınız?

- Mistika deyəndə ki, mənim üçün mistika, təsadüf deyilən bir şeylər yoxdur. Mənim üçün yuxarıdan müəyyən olunmuş, əvvəlcədən planlaşdırılan tale, qismət var ki, demək nəsə olmalıdır və yaşanmalıdır.

- İmkanınız olsaydı, hansı hadisələri taleyinizdən silib atardınız?

- Heç birini. Hətta ən pis və öz səhvim hesab etdiyim hadisə belə mənə nəyisə öyrədib. Ola bilməz ki, mən elə-belə nəsə səhv addım atım. Demək ki, bu yanlış addım məni hansısa səhv addımlardan qoruyub.

- Bəlkə səhvinizə görə özünüzü danlamamaq hissindən irəli gəlir?

- Yox, əlbəttə xoşagəlməyən bir şeydir, amma mən bundan nəticə çıxarıb, həyata davam etmişəm.

- Caduya, fala inanırsınız?

- Gözümün qabağında cadu çıxarsınlar, heç vecimə də olmaz. Anam heç vaxt belə şeylərə inanmayıb. Nə falçı yanına gedib, nə də təsirinə inanıb. Mən də ona oxşamışam. Allahın yazdığı bir yazı var. Falçı dəyişə bilsəydi, elə öz taleyini müəyyən edərdi də.

- Valideynlərinizlə bir yerdə yaşayırsınız,  "nəyisə düz etmərəm"- deyə valideynlərinizdən ehtiyyat edirsiniz?

- Valideynlərimi bu yaşda incitməmək qorxusu var. Bir də uşaqlarımı düşünürəm. Onların gələcək taleyinə xələl gəlməsin.

- Şəxsi həyatınızla bağlı necə, "Lalə, gərək bu addımı atmayaydın" deyə valideynlərinizin iradını eşidirsinizmi?

- Yox. Şəxsi həyatımı qurdalamağı da sevmirəm. Atdığım addım müstəqil addım olub, səhvi də, düzü də mənə məxsusdur. Nə valideynimin, nə də ətrafımdakı digər insanların heç bir təsiri yoxdur.

- Hansı xüsusiyyətinizlə mübarizə aparmısınız?

- Tez "əl tutmağa" can atıram. Bir var adam özü sənə müraciət edir, bir də var, sənə deməmiş, özün ona "əl tutursan" ki, bircə buna kömək etsəydim, rahat olardım. Hər halda, "Balıq bilməsə də, xaliq bilir".


Xəbərə aid fotolar