Prezident İlham Əliyev 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb


Siyasət 04 İyn 2018 18:01:00 266 0

Prezident İlham Əliyev 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb

Prezident İlham Əliyev Yevlax rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (36 km)-Qoyunbinəsi-Hacımahmudlu-Nurallar-Qaramanlı-Nəmirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (36 km)-Qoyunbinəsi-Hacımahmudlu-Nurallar-Qaramanlı-Nəmirli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,0 (üç) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.