Bakıda süpürgəçi avtomobillə vurulduğu gün işdən çıxarılıbmış


Digərləri 04 İyn 2018 17:33:00 296 0

Bakıda süpürgəçi avtomobillə vurulduğu gün işdən çıxarılıbmış

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əflatun Cəfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Ə.Cəfərov özünü təqsirli bildiyini deyib. O, sərbəst ifadəsində qeyd edib ki, daha əvvəl fəhlə işləyib, imkansızlıqdan avtobus sürüb: "Amma həmin gün sürücü kimi xəttə çıxmamışdım. Dostum Əmir mənə zəng edib xəstələndiyini, həkimə gedəcəyini və avtobus sürməyimi istədi. Mən də ona kömək üçün getdim. Səhər saat 07:00 radələri olardı. Hava alaqaranlıq idi. Mən də saatda 40 km sürətlə gedirdim. Heç yolu keçən şəxsi görmürdüm. Qarşıdan gələn maşın işıqlarını yandırıb-söndürdü. Sola çəksəm də, gec idi. Maşının sağ tərəfi ona dəydi. Düşüb maşına qoyub xəstəxanaya çatdırdıq".

Daha sonra məhkəmədə mərhum Şıxməmməd Yadigarovun oğlu, hüquqi varis kimi tanınan Mehman Yadigarov da dindirilib. O, atasının Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyində süpürgəçi işlədiyini bildirib.

Hakim söyləyib ki, iş materiallarında mərhumun heç yerdə işləmədiyi yazılıb.

M.Yadigarov bunun düzgün olmadığını qeyd edib: "Çünki onlar başlarından atmaq istəyirdilər. Mən özüm gedib idarəyə məlumat verdim ki, atam ölüb. Təsəvvür edin ki, üç gün keçmişdi, amma xəbərləri yox idi. Əvvəl burada işləmir dedilər. Mən də mühasibatlıqdan soruşdum. Sonra atamın orada işlədiyini söylədilər".