Babək prospektində təmir işlərinin yekunlaşacağı vaxt açıqlandı


Digərləri 04 İyn 2018 17:11:00 219 0

Babək prospektində təmir işlərinin yekunlaşacağı vaxt açıqlandı

Babək prospektinin yenidən qurulması davam etdirilir.

Bakı. Samir Əli - Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 8.7 km olan Babək prospektinin yenidən qurulması işlərini yüksək keyfiyyətlə davam etdrilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Babək prospekti üzərində tikilən qovşaqlar nəqliyyatın hərəkətini xeyli sürətləndirməyə imkan yaradıb.Ancaq qovşaqlar da daxil olmaqla yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Bu isə öz növbəsində prospekt boyu hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən prospektin əsaslı şəkildə yenidən qurulması işlərinə başlanıldı. Aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır. Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilir. Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, prospekt boyunca qaz xətləri, təqribən istismar müddəti bitmiş 20 km uzunluğunda müxtəlif diametrə malik su xətləri, həmçinin 4 km-ə yaxın müxtəlif diametrli kanalizasiya xətləri yeniləri ilə əvəzlənir. Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur. Bu işlərə uyğun olaraq prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənir.