MBNP və Asiya İnkişaf Bankının mütəxəssisləri maliyyə alətlərinin tətbiqinin genişləndirilməsi istiqamətində təhlil aparır
İqtisadiyyat 04 İyn 2018 16:27:04 326 0
Palatada Strateji Yol Xəritələri ilə bağlı növbəti aylıq iclas keçirilib
“Report”un MBNP-ya istinadən verdiyi xəbərə görə, Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Strateji Yol Xəritələrinin icrası ilə bağlı mövcud vəziyyət müzakirə edilib, nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən may ayı ərzində görülmüş işlər, həmçinin iyun ayında nəzərdə tutulan tədbirlər barədə geniş məlumat iclas iştirakçılarının diqqətinə çatdırılıb.
İclasda may ayı ərzində maliyyə inklüzivliyinin artırılması, konsolidasiya edilmiş risk əsaslı nəzarət modelinin tətbiqi, sektorda çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, banklarda daha sağlam risk idarəetməsinin təmin edilməsi üzrə görülmüş işlər müzakirə olunub. Bununla yanaşı, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşməsində alternativ maliyyə resurslarından istifadənin genişləndirilməsi ilə bağlı bildirilib ki, hazırda maliyyə alətlərinin tətbiqinin genişləndirilməsi istiqamətində Palatanın və Asiya İnkişaf Bankının mütəxəssisləri tərəfindən faktorinq alətinin tətbiqi yolları təhlil edilir.
Yekunda Baş icraçı direktor Palatanın daxili əməliyyat planına uyğun olaraq may ayı üzrə nəzərdə tutulmuş işlərin tam icrasına nail olunduğunu bildirərək, növbəti dövrlər üçün nəzərdə tutulan tədbirlərin vaxtında icra olunması ilə bağlı aidiyyəti struktur bölmələrə müvafiq tapşırıq və tövsiyələr verib.