“Bu, bizim biabırçılığımızdır”


Şou-biznes 04 İyn 2018 15:40:00 325 0

“Bu, bizim biabırçılığımızdır”

ARB Ulduz-un "Şou məkan" verilişinin qonağı olan müğənni Elvin Abdullayev maraqlı açıqlamalar verib.

Son.az bildirir ki, sənətçi, ilk olaraq, müğənnilərin "yaradıcılığı" sayəsində biabırçılığın ortaya çıxdığını söyləyib: "Bu gün şəhərimizin ən dəbdəbəli yerlərində biz "bozbaş" adlandırdığımız müğənnilərin rəsmini görürük. Mən dəhşətə gəlirəm. Hansısa bir turist keçir və şəkli görür, yanındakından soruşur ki, bu kimdir? Tərcüməçi də cavab verir ki, Azərbaycan sənətçisidir. Düşünür ki, həmin müğənninin bir musiqisinə qulaq assın. Nəticədə, o fikirləşir ki, Azərbaycanın ən brend kateqoriyalı ifaçısı budur. Bu, bizim biabırçılığımızdır". Ucuz mahnı və ifaçıların daha da irəli getdiyini deyən Elvin bəzi kanalların da məhz həmin insanları səhnəyə çıxarmasını tənqid edib: "Həmin insanlar haqqında danışdıqca, onlar daha da çox parlayırlar. Bu gün bizim bəzi telekanallarımızda da brend adlandırdığımız aparıcılar ən çox reytinq verən və qalmaqallı insanları verilişlərinə dəvət edirlər. İstedad, savad, təhsil, səviyyə, hər şey qalır bir kənarda, səviyyəsizliyə doğru gedirik". Müğənni musiqili-meyxanaya, ümumiyyətlə, qulaq asmadığını da bildirib: "Meyxana bizim folklorumuzdur. Dedikləri meyxana deyil axı. Meyxana başqa şeydir. Mən özüm də uşaqlıqdan meyxanaya qulaq asmışam. Son illərə qədər meyxana dediyimiz həmin janr başqa janrdır. Son illərdir səslənən musiqili-meyxana deyilən bir şey əvvəllər olmayıb axı. Həmin musiqili-meyxanalar mənim aləmimdə qəbul edilən deyil, qulaq asmıram. Bir sintezatorla aranjiman olunan musiqili-meyxanalar qəbul olunan deyil".  İfaçı "Xoş gəldin" klipindən də danışıb: "Yeni klipim "Xoş gəldin" adlanır. Söz və musiqisi Arzu Yahyayevaya aiddir. Aranjiman Eyyub Yahyayevindir. İnşallah, klipin qiymətini tamaşaçılar verərlər. İlk dəfədir ki, azərbaycanlı rejissorla çalışıram. Rejissor Elvin Məmmədovdur. Klip Bakıda çəkildi, Pirşağı, Şüvəlan və Hövsanda lentə alındı. Açıq söyləyim ki, çətin bir iş oldu. Çox isti bir vaxta düşdük". Hər zaman gürcüstanlı rejissor Givi ilə çalışan müğənni yeni klipini azərbaycanlı rejissora həvalə edib: "Bütün kliplərimi mənim bir rejissorum var ki, gürcüstanlı Givi, o lentə alır. Gözüm onun işlərinə alışıb. Givinin həyata baxışı tamam fərqlidir. Mən demirəm ki, klipi bəyənmədim. Öz işimdi, bəyənməyə bilmərəm. Sadəcə, o birilərlə müqayisə olunanda, bu iş zəifdir. Mən rejissorun haqqını tapdalaya bilmərəm. Onluq burda bir şey yoxdur. Klip çəkilişində müəyyən çətinliklərlə üzləşdik. Kadrlarımız az oldu. Bəzən gözləmədiyin bir zamanda elə bir uğur əldə edirsən ki, işin keyfiyyəti və nəticə sən düşündüyün hesabla üst-üstə düşmür".  Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid foto