Amerikanın İrana 12 şərti:


Siyasət 04 İyn 2018 15:22:00 275 0

Amerikanın İrana 12 şərti:

ABŞ-ın dövlət katibi Mayk Pompeonun bir "beyin mərkəzi"ndə çıxışı zamanı İrana qarşı irəli sürdüyü 12 şərt ilə bağlı müxtəlif analitik dairələrdə təhlillər aparılır.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, mütəxəssislər hadisələrin sonrakı mümkün gedişatı ilə bağlı proqnozlar verirlər. Vaşinqtonun bu addımla hansı məqsədləri güddüyü üzərində düşünürlər. Aydın olur ki, Amerika və onun müttəfiqləri qlobal miqyasda vəziyyəti daha gərgin hala gətirə bilərlər. Tehrana qarşı irəli sürülən tələblər faktiki olaraq hərbi güc tətbiqini də nəzərdə tutur. Bu məqam olduqca riskli bir vəziyyətin meydana gələ biləcəyindən xəbər verir. Bu prizmadan M.Pompeonun şərtlərinə nəzər saldıqda hansı geosiyasi qənaətlər əldə etmək olar? Bu sualın cavabı üzərində düşünməyə dəyər.

Yeni qaydalar, yoxsa köhnə xəttin davamı: Pompeonun tələbləri işığında

Vaşinqton İrana qarşı çox sərt addım atıb. Dövlət katibi Mayk Pompeo "Heritage" ("İrs") Fondunda çıxış edən zaman İran hakimiyyətinə qarşı 12 şərt irəli sürüb (bax: After the Deal: A New Iran Strategy / heritage.org, 21 may 2018). Bu şərtlər özlüyündə kifayət qədər sərt və qəti tələbləri ifadə edir. Onları dərhal analiz edən ekspertlər müxtəlif geosiyasi nəticələri proqnozlaşdırırlar. Proqnozların əksəriyyəti bədbin məzmundadır.

M.Pompeo vurğulayıb ki, əgər İran qoyulan şərtlərə əməl etməsə, "onu misli-bərabəri olmayan maliyyə təzyiqi gözləyir" (bax: əvvəlki mənbəyə). Sözlərinə davam edərək o, İran rejiminin amerikalıların niyyətlərində ciddi olduqlarına heç bir şübhəsinin olmayacağını bəyan edib. Buraya köhnə sanksiyaların bərpası ilə yanaşı, yeni məhdudiyyətlərin qoyulması da daxildir. Vaşinqton Tehranın siyasətində real, hiss olunan və aydın dəyişikliklər görməyincə təzyiqi davam etdirəcəyini də xatırladıb.

Amerikanın qoyduğu şərtlər üç sahəni əhatə edir. Onlardan birincisi İranın hərbi potensialı ilə, ikincisi İranın Yaxın Şərqdə dəstəklədiyi silahlı qruplarla əlaqəlidir. Üçüncü aspekt isə siyasi xarakterlidir. Birinci qrup şərtlərdə Tehrandan nüvə silahı yaratmaq istiqamətində apardığı tədqiqatları və ballistik raketlərin istehsalını dayandırmaq ifadə edilib. Vaşinqton hesab edir ki, Tehran hələ də gizli surətdə nüvə silahı üzərində işləyir.

Bunun üçün də o, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələrini qeyd-şərtsiz ərazisindəki bütün nüvə obyektlərini təftiş etməyə buraxmalıdır. İran uranın zənginləşdirilməsini dayandırmalıdır. Bundan başqa, İran nüvə reaktorunun işini dayandırmalı və plutoniumun istehsalı prosesinə son qoymalıdır. Bu isə faktiki olaraq İranı dinc nüvə proqramından imtina etməyə məcbur etməkdir.

Bunlardan başqa, Tehran ballistik raketlərin istehsalının dayandırılmasını da açıq faktlarla nümayiş etdirməlidir. Yalnız bu şərtlər ödəndiyi halda İranla yeni nüvə sazişi imzalana bilər. Həm də yeni mümkün sazişdə dəqiq göstərilməlidir ki, "İran heç bir zaman nüvə silahına malik olmayacaq" (bax: əvvəlki mənbəyə).

İkinci qrup şərtlər İranın Yaxın Şərqdə və Əfqanıstanda bir sıra radikal qruplara dəstəyini dayandırması ilə bağlıdır. Buraya "Hizbullah", "Həmas", "Taliban" və "əl-Qaidə" daxildir. Vaşinqton hesab edir ki, Tehran "əl-Qaidə"nin səhra komandirlərini gizlədir. Bu qruplara dəstək verməklə İran Amerikaya və onun regiondakı müttəfiqlərinə təhlükə yaradır. Bu sıraya ilk növbədə İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

Bundan başqa, İran Suriyadakı "bütün güclərini" çəkməlidir. Maraqlıdır ki, Rusiya da İranı ona sadiq hərbi qrupları Suriyadan çıxarmağa çağırmışdı ki, Tehran da sərt şəkildə buna etiraz edərək Suriyada qalacağını ifadə etmişdi.

Üçüncü qrup şərtlər siyasi xarakterlidir və İrandan həbsdə olan bütün amerikalıların və ABŞ-a dost ölkələrin vətəndaşlarının azadlığa buraxılması tələblərini əhatə edir. Görünür, İran müxtəlif hərbi əməliyyatlar zamanı müəyyən sayda ABŞ əsgərlərini əsir götürüb. Eyni zamanda, koalisiyaya daxil olan ölkələrin əsgərləri də İran tərəfindən həbs ediliblər. Buraya, təbii ki, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları da daxildir.

Savaşa doğru: beynəlxalq hüququn çətin günləri

Mayk Pompeonun dediyinə görə, həmin siyahıya İranda itkin düşən amerikalılar və qondarma ittihamlarla həbs edilənlər də daxildir. Çox güman ki, söhbət İran təhlükəsizlik orqanlarının xarici xəfiyyə kimi həbs etdiyi hansısa şəxslərdən gedir. Hər bir halda bu tələbin irəli sürülməsi, vəziyyətin ciddiliyindən xəbər verir. Bu qrup şərtlərdə Tehrandan İraq hakimiyyətinin suverenliyinə hörmət göstərmək fikri də vardır.

Nəhayət, şərtlər daxilində İranın "əl-Qüds" xüsusi təyinatlı dəstələrinin (onlar İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibindədirlər) terrorçuluğa dəstəyinin dayandırılması da yer alıb. Bu təhdid İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini təhlükə altına alır. Bundan başqa, beynəlxalq dəniz daşımalarına təhdidlər yaradır və kiberhücumlar təşkil edir.

Beləliklə, Vaşinqton çox ciddi şərtlər irəli sürüb. Onlara əməl edilməsi üçün iqtisadi, maliyyə, informasiya sahələri ilə yanaşı, hərbi gücdən də istifadə olunması nəzərdə tutulub. O cümlədən ABŞ terror qruplarını darmadağın etmək niyyətində olduğunu ifadə edib. Bunun üçün o, regiondakı müttəfiqləri ilə birgə hərəkət etmək fikrindədir.

Bununla aydın olur ki, ABŞ İran məsələsində daha qətiyyətli mövqe tutmağa başlayıb və konkret fəaliyyət planı işləyib. Dünya dövlətləri buna aktiv reaksiya veriblər. İran təbii ki, öz etirazını göstərməklə yanaşı, əks addımlar atacağını da bəyan edib. Bununla yanaşı, Tehran Avropa ölkələrini öz öhdəliklərini yerinə yetirməyə çağırıb. Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, "indi top Avropadadır".

Göründüyü kimi, Avropa ölkələri bu məsələdə tam olaraq Vaşinqtonu dəstəkləmək fikrində deyillər. Artıq Avropa İttifaqı Amerikanın İrana qarşı sanksiyalarının Avropa ərazisində qüvvəsi olmadığı barədə qərar qəbul edib. Bu, Donald Trampı qəzəbləndirib və o, növbəti dəfə Brüsseli hədələyib. Amerika rəhbərliyi Avropanın özünün sanksiyalar altına düşə biləcəyini bəyan edərək bütün bunları "Amerika xalqının müdafiəsi" adı altında edəcəyini bildirib.

Rusiyanın reaksiyası kəskin olub. Moskva Vaşinqtonun düzgün addımlar atmadığını açıq ifadə edib. İranın nüvə sazişinin bütün şərtlərinə əməl etdiyini də Kreml xatırladıb. Yuxarıda vurğulananlardan bir sıra nəticələr çıxarmaq olar.

Hər şeydən əvvəl, ABŞ-ın yeni İran strategiyası dünya dövlətlərini iki düşərgəyə bölüb. Bir tərəfdə Vaşinqtonu dəstəkləyən az sayda ölkə, digər tərəfdə isə İranın haqlı olduğunu hesab edən, yaxud özlərinin zərər görməsini istəməyən ölkələr durur. Bu cür qarşıdurma qlobal geosiyasi prosesləri radikallaşdıra, hətta böyük hərbi toqquşmalara aparıb çıxara bilər. Aydındır ki, ABŞ və müttəfiqləri Yaxın Şərqdəki geosiyasi gərginliyi daha geniş ərazilərə yaymağa başlayıblar. Onlar bu gün İranı qarışdırmağa çalışırlarsa, sabah bu rolda Rusiya və ya Çin ola bilər.

Bu tezis Vaşinqtonun bu yaxınlarda ölkə üçün ən böyük təhlükənin Çin olduğunu açıq bəyan etməsi fonunda da düşündürücü görünür. Bu aspektdə İrana qarşı irəli sürülən 12 yeni şərtə nəzər salsaq, vəziyyətin daha təhlükəli olduğu qənaətini ala bilərik. Yəni söhbət yalnız İranla məhdudlaşmayıb, daha geniş geosiyasi məkanda Amerikanın strateji liderliyinin təmin edilməsindən gedir.

Digər diqqətçəkən məqam ondan ibarətdir ki, Vaşinqton fəaliyyətində sərt güc ənənəsindən imtina etmək fikrində deyil. İrana qarşı əlində olan bütün vasitələrdən yararlanmaq niyyətini açıq ifadə edib. Bu da qlobal miqyasda liberalizm xəttinin daha da zəifləyə biləcəyi nəticəsini çıxarmağa imkan verir.

Başqa düşündürücü faktor belə bir şəraitdə milli dövlətlərin hansı fəaliyyət xəttini seçməli olduğu ilə bağlıdır. Əgər kənardan hərtərəfli təzyiq və hərbi müdaxilə təhlükəsi varsa, onda milli suverenliyi necə qorumaq olar? Bu da özlüyündə bir daha dünya ictimaiyyəti qarşısında beynəlxalq hüquq normalarının qorunması məsələsini aktuallaşdırır. ABŞ-ın açıqca bir dövləti ittiham etməsi və bu zaman BMT-ni belə nəzərə almaması çox düşündürücüdür. Yəni bu prosesin davamının gəlməyəcəyinə hüquqi təminat yoxdur. Beynəlxalq hüquq üçün bu aspekt öz ciddiliyini saxlamaqdadır. Bəşəriyyət hansı yolla gedəcək: güc tətbiqi və təzyiqləmi, yoxsa hüquqi tənzimləmə yolu ilə?