“Zeynəb Xanlarova yanağımdan öpmüşdü deyə, üzümü yumaq istəmirdim”


Şou-biznes 04 İyn 2018 13:51:00 357 0

“Zeynəb Xanlarova yanağımdan öpmüşdü deyə, üzümü yumaq istəmirdim”

Ölkənin ilk uşaq kanalı "ARB Günəş"in "Mən məktəbli ikən" verilişinin qonağı olan xalq artisti Gülyanaq Məmmədova olub.

Son.az bildirir ki, orta təhsilini Şəkinin Böyük Dəhnə kəndində yerləşən 1 nömrəli orta məktəbdə alan xalq artisti, ailəlikcə kənd təsərrüfatı ilə məşğul olduqlarına görə dərsdən qaçıb əkin-biçin sahəsinə yollanıb: "Kəndlinin çörəyi torpaqdan çıxırdı. Buna görə də dərsi dərs zamanı öyrənməyə çalışırdım, evdə oxumağa vaxtım olmurdu". Sənətçi uşaq yaşlarından məktəbin təşkil etdiyi tədbirlərdə fəal iştirak edib. Həmin dövrdə kənddə dərnəklər olmayıb, xalq artistinin istedadı isə uşaq vaxtı fermalarda aldığı səhnələrdə üzə çıxıb: "Bunu heç vaxt danmıram, ifaçılıq fəaliyyətimə fermalarda başlamışam. Kəndimizdən bir qədər aralıda fermalar yerləşirdi. Mənim ilk çıxışlarım həmin fermalarda, tozun torpağın içində olub. Qardaşım qarmon çalırdı, mən də oxuyurdum". Tanınmış sənətkar sonra bacısı Gülyaz xanımla birlikdə müsabiqələrə qatıldığını söyləyib. O bildirib ki, uşaq vaxtı bacısı ilə bərabər bir dəfə Zeynəb Xanlarova ilə görüşüb və bu görüşü heç vaxt unutmur: "Şəkidə təşkil olunan müsabiqələrdən birindən çıxanda Zeynəb Xanlarova və həmin dövrdə rayon icra hakimiyyətində 3-cü katib işləyən Sevil xanım qarşımıza çıxdı. Sevil xanım bizi göstərib dedi ki, bu qızlar gələcəyin Zeynəbləridir. Zeynəb Xanlarova əyilib üzümüzdən öpdü, başımıza sığal çəkdi. Bilirsiniz, uşağın yadından heç nə çıxmır. O qədər sevinmişdim onu həyatda gördüyümə, məktəbdə hamıya bu əhvalatı danışırdım ki, mən Zeynəb Xanlarova ilə görüşmüşəm, o, məni yanağımdan öpüb. Buna görə hətta üzümü də yumaq istəmirdim". Xatırladaq ki, "Mən məktəbli ikən" verilişi hər həftənin bazar günü saat 19:30-da "ARB Günəş" televiziyasında yayımlanır. Veriliş "ARB Günəş" və Bakı Dövlət Universitetinin birgə layihəsidir.


Xəbərə aid fotolar