"Azərbaycanın yerləşdiyi coğrafi məkanda fövqəladə hallar riski yüksəkdir"


Digərləri 04 İyn 2018 13:30:00 333 0

"Azərbaycanın yerləşdiyi coğrafi məkanda fövqəladə hallar riski yüksəkdir"

Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisinin Avropa regional ofisinin rəhbəri Paola Albriton ilə görüşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Baş nazirin müavini Azərbaycanın təbii və texnogen fəlakətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində beynəlxalq səyləri dəstəklədiyini diqqətə çatdırıb.

Son zamanlar dünyada təbii fəlakətlərin və həmin fəlakətlərdən zərər çəkən insanların sayının artdığını vurğulayan Ə.Əhmədov heç bir ölkənin və hər hansı bir insanın fəlakətlərdən sığortalanmadığını qeyd edib:

"Ölkəmizin yerləşdiyi coğrafi məkanda fövqəladə hallar riski kifayət qədər yüksəkdir. Azərbaycan hökuməti fəlakət risklərinə hazırlıq və onların nəticələrinin aradan qaldırılması sahəsində bir çox beynəlxalq qurumlarla, o cümlədən BMT, Beynəlxalq Mülki Müdafiə Təşkilatı, Avropa İttifaqı, NATO, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edir. 2015-2030-cu illərdə Fəlakət Riskinin Azaldılması üzrə Sendai Çərçivə Proqramının qəbulunda da Azərbaycan tərəfi iştirak edib. Ölkəmiz Sendai sənədinin icrasında maraqlıdır".