Yağış və dolu İsmayıllını iflic edib: Evlərə ziyan dəyib, elektrik xətləri qırılıb, yolları sel yuyub (FOTO)


Digərləri 04 İyn 2018 12:46:13 255 0

Yağış və dolu İsmayıllını iflic edib: Evlərə ziyan dəyib, elektrik xətləri qırılıb, yolları sel yuyub (FOTO)

İsmayıllı rayonunda güclü yağış və dolu rayon ərazisinə ciddi ziyan vurub.

Bakı. Samir Əli - İsmayıllı rayonunda güclü yağış və dolu rayon ərazisinə ciddi ziyan vurub. Bu barədə Trend-ə açıqlamasında İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev məlumat verib. Komissiya sədri bildirib ki, təbiət hadisəsi nəticəsində 10-dan artıq evə ziyan dəyib: "Güclü külək Diyallı kənd Mədəniyyət Evinin dam örtüyünü dağıdıb. Orada məskunlaşan bir məcburi köçkün ailəsi müvəqqəti olaraq çadırla təmin edilib. Bununla bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə məlumat verilib. Ailə çadırda yerləşdirilib, ev əşyaları ilə təmin olunmasına da köməklik göstərilir. Bundan başqa, kənd ərazisində evlərin dam örtüyünə də ziyan dəyib. Hazırda həmin evlərin siyahısı hazırlanıb və dəymiş ziyan müəyyənləşib. Sığortası olan evlərin sənədləri sığorta şirkətinə təqdim olunacaq".