Dövlət Agentliyi: Göyçayda uçan körpünün bərpası istiqamətində addımlar atılacaq - FOTO


Sosial 03 İyn 2018 11:41:30 298 0

Dövlət Agentliyi: Göyçayda uçan körpünün bərpası istiqamətində addımlar atılacaq - FOTO

Körpü ilə hərəkət tam dayandırılaraq alternativ yollara yönəldilib

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən, yanaşma yolları ilə bərabər 74 metr uzunluğa malik avtomobil körpüsünün sol yanaşma yolunun bir hissəsini uçurub.

"Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfliyə istinadən xəbər verir ki, sel suları sutəmizləyici qurğunu yuması nəticəsində su yanaşma yolunun torpaq yatağına daxil olub.

Nəticədə yolun torpaq yatağı yuyulub və körpüyə yanaşma yolunda uçqun baş verib: "Uçmuş yol hissəsinin uzunluğu təqribən 6-7 metr təşkil edir. Körpünün özünə və dayaqlarına heç bir ziyan dəyməyib. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib. Körpü ilə hərəkət tam dayandırılaraq alternativ yollara yönəldilib. Sel sularının axını zəifləyən kimi çay üzərindən alternativ yolun açılması və körpünün yanaşma yolunun bərpası istiqamətində addımlar atılacaq".