Göyçayda alternativ körpü salınacaq


Digərləri 03 İyn 2018 13:19:00 298 0

Göyçayda alternativ körpü salınacaq

Güclü sel səbəbindən Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindən keçən avtomobil körpüsü dağılıb.

Son.az xəbər verir ki, Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev APA-ya bildirib ki, selin təsiri nəticəsində uzunluğu 76 metr, eni 11.5 metr olan körpü yararsız hala düşüb.

Körpünün yanındakı piyada körpüsünü  də sel aparıb. Sel suları körpünün altındakı beton plitələri, sahil-mühafizə bəndini dağıdaraq torpaq qatını yuyub aparıb və çay yatağını 20 metr genişləndirib. İ. Vəliyev dağılan körpünün 2003-cü ildə müvəqqəti olaraq inşa edildiyini və son illər sel sularının, ağır tonnajlı yük avtomobillərinin təsiri nəticəsində qəzalı vəziyyətə düşdüyünü bildirib: "2015-ci ildə  Bakı-Şamaxı-Yevlax avtomobil yolu yenidən qurularkən qəzalı vəziyyətdə olan bu avtomobil körpüsünün yanında yeni müasir körpünün inşası nəzərdə tutulmuşdu, lakin müəyyən səbəblərdən ərazidə inşaat işlərinə başlanılmayıb. Hazırda çayda güclü sel axını davam edir, suyun səviyyəsi hələ ki, aşağı düşməyib. Çayın sahillərində torpaq uçqunu davam edir. Dağılan avtomobil körpüsünün bərpası mümkün olmayacaq, onun sökülərək yerində müasir körpünün inşası üçün hazırda lazımi qurumların nümayəndələri tərəfindən məsləhətləşmələr aparılır. Yeni körpü tikilənədək avtomobillərin hərəkətinin təmin edilməsi üçün dağılan körpüdən 300 metr cənubda çayın içərisinə 10 ədəd beton su boruları qoymaqla üzərində müvəqqəti olaraq alternativ körpü salınacaq. Alternativ körpünün tikintisinə çayda su azalandan sonra başlanılacaq".