Nərgizava nekropolunda yeni arxeoloji tədqiqatlar aparılıb (FOTO)


Digərləri 03 İyn 2018 13:22:26 306 0

Nərgizava nekropolunda yeni arxeoloji tədqiqatlar aparılıb (FOTO)

Nərgizava nekropolunda yeni arxeoloji tədqiqatlar aparılıb.

Bakı. 2018-ci ilin may ayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Vəli Əliyevin rəhbərlik etdiyi Nərgizava ekspedisiyası Ağsu rayonunun Gəgəli kəndində yerli sakin Sahib Mirzəyevin həyətində 70 kv.m sahədə arxeoloji kəşfiyyat qazıntısı aparıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata əsasən, qazıntı zamanı yer üstündən 40 sm dərinlikdən başlayaraq şum işləri zamanı dağılmış təbəqənin qarışıq materialları və insan skeletlərinin qalıqları üzə çıxıb. 80 sm dərinlikdən başlayaraq torpaq qəbirlərdə daha yaxşı saxlanmış skeletlər və ətrafında qoyulmuş saxsı məmulatı, eləcə də metal əşya və bəzək nümunələri aşkar olunub. Ümumilikdə indiyə qədər 25 qəbir qeydə alınıb, onların bəzilərində bir neçə skeletə rast gəlinib. Nərgizava abidəsinin qəbirləri pilləli şəkildə dəfnlə xarakterizə olunur. Qəbirlərin skeletinin vəziyyəti sıx və zəif bükülü, başının istiqaməti əsasən şimal-qərbə, sağ böyrü üstə, üzü cənub-şərqə olub, ayaq və baş ucunda Nərgizava tipli dördqulplu saxsı maye qabı və digər saxsı su və yemək qabarı qoyulub. Bütün qablar Ellin dövrünə xas olan qırmızı oxra ilə rənglənib. Skeletlərin ətrafından müxtəlif rəngləri olan çaxmaqdaşılar da götürülüb. Dəmirdən xəncər, bıçaq, ox ucluqları və nizə ucluqları aşkar olunub. Əksər skeletlərin üzərində ocaq qalanması ayini izlərinə rast gəlinib. Antropoloq Vüsal Həsənovun qeydinə görə, skeletlərin bəzilərində xəstəlik izləri də müşahidə olunur. Qazıntının genişləndirilməsi və dərinləşdirilməsi bu skeletlərin bir-biri ilə əlaqəsini üzə çıxaracaq.