"Onların dedikləri bizim üçün heç bir maraq kəsb etməməlidir"


Siyasət 02 İyn 2018 17:15:00 323 0

"Onların dedikləri bizim üçün heç bir maraq kəsb etməməlidir"

ABŞ və Azərbaycan arasında əlaqələr qarşılıqlı anlaşma prinsipləri, Azərbaycanın regiondakı əhəmiyyəti və Avropanın enerji təhlükəsiziliyindəki vacib rolu əsasında qurulur.

Son.az bildirir ki, bunu Trend-ə Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Politoloq qeyd edib ki, Donald Tramp Prezident İlham Əliyevi Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyi, həmçinin "Cənub Qaz Dəhlizi"nin açılışı münasibətilə təbrik edib.

F.Sadıqovun sözlərinə görə, iki ölkə arasında olan əlaqələrin mövcud səviyyəsinə baxmayaraq, bir sıra konqresmenlər Azərbaycan əleyhinə fikirlər səsləndirirlər.

Ermənipərsət konqresmenlərdən biri Bred Şerman bundan əvvəl Dağlıq Qarabağdakı separatçı rejimə maddi yardım göstərilməsi təşəbbüsü ilə çıxış etmişdi, bu günlərdə isə o, Türkiyə və Azərbaycanı Ermənistana qarşı blokadanı və "Dağlıq Qarabağa qarşı işğalı" dayandırmağa çağırmışdı.

Ermənilərin maraqları ilə yanaşı Şerman, həmçinin olduqca aktiv şəkildə LGBT cəmiyyətinin müdafiəsi uğrunda da çıxışlar edir.

Digər ermənipərəst konqresmen Kristofer Smit isə mütəmadi şəkildə "erməni soyqırımı"nın tanınmasına və qəbul olunmasına dair bəyanatlar səsləndirir.

F.Sadıqov qeyd edib ki, onların kimin maraqlarını müdafiə etdiyi, kimin pulları ilə seçildiyi və antiazərbaycan kampaniyası apardığı açıq-aydın məlumdur:

"Əgər bir neçə konqresmen özünü regionda baş verənlər haqqında məlumatı olan dahi strateqlər kimi göstərmək istəyirsə, bu halda, fikrimcə, onların dedikləri bizim üçün heç bir maraq kəsb etməməlidir."

O qeyd edib ki, ölkələr səviyyəsində əməkdaşlıq və xarici siyasət prioritetləri yalnız hökumətlər tərəfindən müəyyən edilir, qərarlar verilir:

"Bu halda bizi, ilk öncə Ağ Evin və Donald Trampın simasında Amerika Birləşmiş Ştatlarının rəhbərinin Azərbaycana olan münasibəti maraqlandırır".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İlham Əliyevi "Xəzər Neft və Qaz" sərgisinin 25 illiyi və "Cənub Qaz Dəhlizi"nə ilk qazın verilməsi münasibətilə təbrik edib və qeyd edib ki, Azərbaycanın iri neft yataqları dünya enerji bazarına stabillik gətirir.

D.Tramp Prezident İlham Əliyevə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda isə bildirib ki, Azərbaycanla ABŞ sıx əməkdaşlıq edir və mürəkkəb regional problemlərin həllində birgə işləyir.

Respublika Günü münasibəti ilə ABŞ-ın dövlət katibi Mayk Pompeoda öz təbriklərini göndərib.