İƏT Gənclər Forumundan Həmrəylik İftarı (FOTO)


Digərləri 02 İyn 2018 11:27:11 233 0

İƏT Gənclər Forumundan Həmrəylik İftarı (FOTO)

Ötən gün İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu Ramazan ayı iftar mərasimi və təşkilatın fəaliyyətinin təqdimatı ilə bağlı tədbir təşkil edib.

Bakı. Ötən gün İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu Ramazan ayı iftar mərasimi və təşkilatın fəaliyyətinin təqdimatı ilə bağlı tədbir təşkil edib. İƏT Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, mərasimdə müsəlman ölkələrinin Bakıda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, Azərbaycanın dövlət və ictimai qurumları, təhsil və media nümayənləri iştirak ediblər. İƏT Gənclər Forumunun 57 İƏT ölkəsini əhatə edən beynəlxalq layihələrini əks etdirən tanıtım filmindən sonra çıxış edən Forumunun sədri səfir Elşad İskəndərov rəhbərlik etdiyi təşkilatın son bir ildə gördüyü işlər barədə məlumat verib: “Forumun əsas fəaliyyət istiqamətlərindən birinin həmrəylik olduğunu nəzərə alsaq, ilin ən mühüm hadisəsi əlbəttə, bu ilin aprelində Bakıda Azərbaycan hökumətinin ev sahibliyi ilə keçirilən İƏT Gənclər və İdman Nazirlərnin 4-cü sessiyasını, eləcə də İƏT tarixində ilk dəfə olaraq qəbul edilən Gənclər Strategiyasını qeyd etməliyik. Bu strategiyanın vacibliyi hər şeydən öncə onun əməli həmrəylik üçün fundament rol oynamağındadır. Nazirlərin Bakı görüşündə eləcə də Ortaq Gənclər Fəaliyyət Planı sənədi qəbul edilmişdir ki, bu sənəd İƏT məkanında konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur”. O, öz çıxışında Forumun 2004-cü ildə Azərbaycan hökumətinin dəstəyi ilə Bakı şəhərində təsis assambleyası, 2006-cı İstanbulda Türkiyə və Azərbaycanın birgə dəstəyi ilə baş qərargahının təsis edilməsi, eləcə də 2010-cu ildə Azərbaycan hökumətinin təşəbbüsü ilə təşkilatın Bakıda diplomatik status verilməklə Avrasiya üzrə Regional Mərkəzinin yaradılmasından bəhs edib. Daha sonra çıxış edən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov çıxış edərək, Forumun həyata keçirdiyi beynəlxalq layihələr, - Sivilizasiyaların Alyansı uğrunda Qlobal Gənclər Hərəkatı, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası, İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası, İƏT Gənclər Paytaxtı, İƏT Start-up platforması, İƏT ölkələri üzrə ilk Gənclər Hesabatı, İƏT Gənclər Yay Düşərgələri, bu proqramlar çərçivəsində keçirilən mədəni və maarifləndirici tədbirlər barədə iştirakçıları məlumatlandırıb, sonda Forumun yaradılmasının ideya müəllifi kimi, eləcə də beynəlxalq layihələrin həyata keçməsində böyük rol oynamış İƏT Gənclər Forumunun sədri Elşad İskəndərova öz təşəkkürünü bildirib. Tədbirin sonunda bu illər ərzində İƏT Gənclər Forumu ilə yaxından əməkdaşlıq etmiş diplomatik nümayəndəliklər və yerli qurumlar Forum tərəfindən xatirə hədiyyələri ilə təltif edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin