"Onlar konqresmenləri öz maraqlarına uyğun hərəkət etməyə sövq edirlər"


Siyasət 02 İyn 2018 10:41:00 265 0

"Onlar konqresmenləri öz maraqlarına uyğun hərəkət etməyə sövq edirlər"

"ABŞ konqresmenləri Kristofer Smit və Bred Şermanın erməniləri müdafiə etməsi Azərbaycan - Birləşmiş Ştatları münasibətlərinə heç cür təsir etməyəcək".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.

Millət vəkili bildirib ki, ABŞ ilə Azərbaycan arasında əlaqələr uzunmüddətlidir, hər iki dövlətin maraqlarına söykənir: "Həm terrorizmə qarşı mübarizədə, həm də Əfqanıstanda hərbi əməliyyatların gedişinə kömək baxımından Azərbaycan həmişə ABŞ-ın yanında olduğunu bildirib, öz mövqeyini əməli, işi ilə sübuta yetirib. ABŞ da prinsipcə daim Azərbaycana öz dəstəyini bildirib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki xidmətlərini, Avropaya enerji resurslarının tədarükünün şaxələndirilməsindəki töhfələrini yüksək qiymətləndirib. Təsadüfi deyil ki, "Cənub Qaz Dəhlizi"nin açılışında ABŞ Dövlət Departamentinin nümayəndəsi iştirak etdi, Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevlə ünvanladığı məktubda bundan sonra da birgə işləmək əzmini ifadə etdi, eyni zamanda, Azərbaycana daim dəstək verdiklərini, bundan sonra da dəstək olacaqlarını açıq şəkildə bildirdi".

B.Sadıqov qeyd edib ki, bütün bunlar Azərbaycanla ABŞ arasında dövlət səviyyəsində münasibətlərdir. Amma o da sirr deyil ki, ABŞ-da çox güclü erməni lobbisi var:

"Bu lobbilər siyasi həyatda fəaldırlar, bunların da fəallığı odur ki, müxtəlif konqresmenləri, senatorları ələ ala bilirlər, onları öz mövqelərinə çəkirlər. Bununla da onlar həmin konqresmenləri öz maraqlara uyğun hərəkət etməyə sövq edirlər. Ona görə də zaman-zaman ayrı-ayrı şəxslər ABŞ-ın dövlət siyasətinə uyğun gəlməyən, reallığa uyğun olmayan açıqlamalar verirlər. Bəzən elə adamlar ABŞ-da Ermənistanın elə nümayəndələrini qəbul edirlər ki, bu hərəkət nəinki Birləşmiş Ştatların dövlət siyasətinə uyğun gəlmir, hətta ziddiyyət təşkil edir. Hətta hər dəfə ABŞ prezidenti seçkilərində namizədlər ermənilərə söz verirlər ki, 24 apreldə guya "erməni soyqırımı" ifadəsi işlədəcəklər. Amma heç vaxt bu ifadəni işlətmirlər. Yeganə prezident Donald Trampdır ki, o seçki ərəfəsində ermənilərə belə söz vermədi. Çünki Tramp partiya xətti ilə prezidentliyə gəlmədi. Ona görə də Trampın ermənilərdən asılılığı hiss olunmur".

Deputat deyib ki, zaman-zaman bəzi konqresmenlər erməni diasporunun təsirinə düşərək ABŞ siyasətinə zidd fikirlər səsləndiriblər: "Bu hal əvvəllər də olub. Lakin bu cür insanların açıqlamaları ABŞ-Azərbaycan münasibətlərinə təsir etməyəcək. Bu, əhəmiyyətsiz cəhdlərdir. Birləşmiş Ştatlarla Azərbaycanın münasibətləri dövlət səviyyəsində qurulub".